Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının iclas zalında İmişli rayonu üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə görüş keçirilib.
SİA xəbər verir ki, ilk olaraq Ulu öndər Heydər Əliyevin, Şəhidlərin və yaxın günlərdə təyyarə qəzasında həlak olan şəxslərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir. Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Natiq qeyd edib ki, növbəti bələdiyyə seçkilərində iştirak edən YAP, bu dəfə də seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaqdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir.Görüşdə namizədlikləri Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən irəli sürülmüş Astan Abduləzimov, Dərgah Mehtiyev, İlhamə Nağızadə və Məhəmmədəli Zeynalov çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliklərinin irəli sürüldüyünə görə minnətdarlıqlarını bildiriblər. Onlar belə qüdrətli bir partiyanın üzvü olduqlarına görə qurur hissi keçirdiklərini dilə gətiriblər. Bələdiyyəyə namizədlər onu da vurğulayıblar ki, Partiyanın onlara, eləcə də digər namizədlərə göstərdiyi etimadı doğruldacaq və bunu əməli fəaliyyətdə təsdiq edəcəklər.