PDF Oxu

Siyasət

  • 1 496

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

image

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qız sessiyası yanvarın 27-də işə başlayacaq. SİA xəbər verir ki, sessiyanın ilk günündə Assambleyanın prezidenti və vitse-prezidentləri seçiləcək. AŞPA-nın qış sessiyasının plenar iclasında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Lüksemburqun Baş naziri Lyuk Fridenin çıxışları gözlənilir. Lüksemburqun xarici işlər və xarici ticarət naziri, Nazirlər Komitəsinin sədri Xavier Bettel Assambleyaya öz kommunikasiyasını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Qış sessiyasının plenar iclasında Ümumdünya patriarxı I Varfolomeyin də çıxışı nəzərdə tutulub.

Sessiya çərçivəsində Avropa Şurasının Baş katibi Alen Bersenin kommunikasiyası, həmçinin Qəzzada qadınlar, uşaqlar və girovlarla əlaqədar humanitar böhranla bağlı debatlar planlaşdırılıb. Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Marko Boşnjak yeni qaydalara əsaslanan beynəlxalq nizama zərurət mövzusunda çıxış edəcək. Sessiyanın plenar iclasında yaddaş və tarixin tədrisində multiperspektivliyə dair debatlar aparılacaq. Həmçinin iclas çərçivəsində "Auschwitz-Birkenau" düşərgəsinin azad edilməsinin 80-ci ildönümünə həsr olunmuş tədbirin təşkili planlaşdırılıb.

Muzdlu və özəl hərbi şirkətlərin insan hüquqları və qanunun aliliyi üçün yaratdığı risklər, ifadə azadlığını qorumaq üçün sosial şəbəkələrdə məzmun moderasiyasını tənzimləmək, Avropanın demoqrafik yaşlanmasına cavablardan biri olan immiqrasiya və yaşlı insanlara qarşı yaşa görə ayrı-seçkilik kimi mövzular da sessiyanın gündəliyində yer alıb.

Assambleyada, həmçinin vəkillik peşəsinin müdafiəsi üzrə Avropa Şurasının Konvensiya layihəsinə, eləcə də məşğulluq, sahibkarlıq və həssas gender büdcəsi kimi qadınlara və iqtisadiyyata dair hesabatlara baxılacaq. COVID və sağlamlıq hüququna çıxış, Gürcüstanda keçirilən qanunvericilik seçkilərinin müşahidəsi və Assambleyanın monitorinq prosedurunun təkamülü kimi məsələlər də müzakirə olunacaq.

Qış sessiyası yanvarın 31-də başa çatacaq.

Digər xəbərlər