PDF Oxu

Siyasət

  • 869

Suverenlik və dövlətçilik dəyərləri milli inkişafın təminatıdır

image

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birlik, həmrəylik və mənəvi bağlılığını təcəssüm etdirən əlamətdar bir tarixdir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə təsis edilən bu bayram, həmçinin Azərbaycan xalqının milli azadlıq mübarizəsinin və mənəvi dirçəlişinin simvoluna çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə qəbul edilən bu qərar dünya azərbaycanlılarının birliyi və təşkilatlanması prosesində mühüm bir mərhələ olmuşdur.

Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra hərtərəfli islahatların həyata keçirilməsi üçün əsas təməl yaradan qanunvericilik bazası, xüsusilə ölkənin yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi qarşıda duran ən mühüm prioritetlərdən biri idi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minmişdir. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənəd ölkəmizin hüquqi əsaslarını müəyyən edərək demokratik idarəetmə və insan hüquqlarının təmin olunmasına zəmin yaratmış, eyni zamanda, Azərbaycan dövlətinin inkişafı və sabitliyi üçün mühüm bünövrə rolunu oynamışdır.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm təməl yaratmışdır. Prezident İlham Əliyev bu islahatları daha da inkişaf etdirərək ölkədə qanunun aliliyi və insan hüquqlarının təmin olunmasını əsas prioritetlərdən biri kimi müəyyən etmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar ölkənin sosial-iqtisadi inkişafına və beynəlxalq hüquq sisteminə inteqrasiyasına mühüm töhfə vermişdir.
Prezident İlham Əliyev 31 dekabr 2024-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın son illər ərzində dövlət suverenliyinin bərpası istiqamətində həyata keçirdiyi uğurlu siyasi, diplomatik və hərbi strategiyanı vurğulayıb. Dövlət başçısı qeyd edib: “Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi...”.
Bu strategiyanın davamı olaraq Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizdə hüquqi dövlət quruculuğu və dövlətçilik dəyərlərinin daha da möhkəmləndirilməsini hədəfləyir. Həmin Sərəncam, eyni zamanda, Azərbaycanın suverenliyinin qorunması və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan siyasətinin gücləndirilməsi məqsədini daşıyır.
2002, 2009 və 2016-cı illərdə edilən dəyişikliklər Konstitusiyanı müasir dövrün tələblərinə uyğunlaşdırmış, hüquq və azadlıqları daha da genişləndirmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və insan hüquqlarının qorunması baxımından əhəmiyyətli addımlar olmuşdur.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki Qələbəmizin 5-ci ildönümünü əhatə edir. 2020-ci ilin İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü və birlik ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu müharibənin nəticələri ölkənin siyasi və iqtisadi inkişafında yeni bir dövrün başlanğıcı olmuş, xalqımızın milli birlik və həmrəyliyi isə Azərbaycanın suverenliyinin təməlini təşkil etdi. Bu tarixi Qələbə dövlətin hərbi-siyasi qüdrətini, xalqın isə öz dəyərlərinə və Liderinə bağlılığını əks etdirən bir göstərici oldu.
Prezident İlham Əliyevin bu Sərəncamı həm də bir neçə strateji məqsədə xidmət edir. Bunlar arasında vətəndaşların Konstitusiya hüquqları və vəzifələri barədə məlumatlılığını artırmaq və dövlətçilik dəyərləri ətrafında xalqın birliyini daha da möhkəmləndirmək məqsədi ön plandadır.
“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi bir neçə istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Hüquq və azadlıqların təbliği, vətəndaşların hüquqi bilik səviyyəsinin artırılması, xalqın hüquqi və dövlətçilik dəyərlərinə sadiqliyinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndirilməsi bu təşəbbüsün əsas məqsədlərindəndir. Bu addımlar Azərbaycanın gələcək inkişafı üçün hüquqi və demokratik dəyərləri gücləndirmək, milli həmrəyliyi möhkəmləndirmək məqsədini daşıyır.
Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətinin hüquqi əsaslarını möhkəmləndirərək tarixi və hüquqi hadisələrin ildönümünü qeyd etməklə yanaşı, dövlətçilik dəyərlərini təbliğ etməyə və ölkənin beynəlxalq nüfuzunu gücləndirməyə yönəlmiş mühüm bir mərhələdir.
Bu il ərzində həyata keçiriləcək islahatlar Azərbaycanın dövlət quruculuğu, hüquqi şüurunun inkişafı və milli suverenliyin qorunması baxımından əhəmiyyətli rol oynayacaq. “Konstitusiya və Suverenlik İli” Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və hüquqi əsaslarını möhkəmləndirən yeni bir səhifə açır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Digər xəbərlər