“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması dünya mediasının gündəmini zəbt edib.
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsi "Rusiya tərəfindən vurulub", bunu Prezident İlham Əliyev deyib. O, AzTV-yə müsahibəsində bildirib ki, Rusiya Azərbaycandan üzr istəsə də, rəsmi Bakının digər iki şərtini hələ də yerinə yetirməyib. Onun sözlərinə görə, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir. İlham Əliyevin bu açıqlamasından sonra Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib ki, Rusiya Prezidenti Putin Əliyevə zəng edib. Kreml-in sözçüsü Dmitri Peskov bildirib ki, dövlət başçıları AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələləri müzakirə ediblər, TASS yazıb. Amma hər iki ölkənin rəsmi məlumatında Rusiyanın rəsmi Bakının şərtlərinə reaksiyası barədə heç nə deyilmir.
Rusiya Prezidenti Putin dekabrın 27-də təyyarə qəzasına görə üzr üstəyib və deyib ki, Rusiyanın hava məkanında "faciəvi hadisə" baş verib. Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan "Embraer 190" sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da, sonradan təyyarə Qazaxıstanın Aktau hava limanına yönləndirilib və orada qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38 ölüb, 29-u yaralanıb. Ölənlər arasında iki pilot və bir stüardessa da var. Putin təyyarə qəzasına görə üzr istəyib, amma Rusiyanın cavabdehliyini etiraf etməyib. İlham Əliyevin sözlərinə görə, təyyarə qəzasından sonra Rusiya tərəfindən hadisənin ört-basdır edilməsi cəhdləri olub. O deyib ki, qəzanın səbəblərini "hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır.
Prezident deyib ki, "qara qutu"lar açılandan sonra bir çox suallara cavab olacaq: "Nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək.
Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur".
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri