Dövlət başçısı Şahdağ Turizm Kompleksində yerləşən "Lakeside" hotelində aparılmış işlərlə və "Xizək klubu" binasının tikintisi ilə tanış olub
Təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə diqqətdə olan Azərbaycanda turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən Dövlət Proqramları, layihələr böyük uğurlara səbəb olub. Yaxın tarixi keçmişimizə nəzər salsaq görərik ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olunmuşdur. Belə ki, həmin illərdə müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində bir sıra problemlərin yaranması ilə nəticələndi. Ötən əsrin 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı. Belə ki, Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməyə başlandı.
1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzalandı. Bu qanun Azərbaycanda turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönələn dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi istiqamətində çox mühüm layihələr həyata keçirilir. Dünyanın ən yüksək standartlarına cavab verən müasir turizm infrastrukturunun yaradılması sayəsində insanlarımızın, eləcə də ölkəmizə gələn turistlərin rahat istirahəti üçün hər cür şərait yaradılır. Bunun nəticəsində həm yeni iş yerləri açılır, həm daxili turizmin potensialı genişlənir, həm də Azərbaycana gələn xarici turistlərin sayı artır. Bütün bunlar, eləcə də ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq Azərbaycanı dünyanın ən cəlbedici məkanlarından birinə çevirib. Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yanvarın 2-də Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən "Lakeside" hotelində aparılmış işlərlə tanış olublar. Hotelin interyeri Lahıcın ən məşhur misgərlik ustalarının əl işləri olan Lahıc misgərlik sənətinin nümunələri ilə bəzədilib. Yeni hoteldə qonaqların istirahətinin hərtərəfli, dolğun və mənalı təşkili üçün geniş imkanlar yaradılacaq. Burada ümumilikdə 122 nömrə olacaq. Hoteldə idman, "Kids Care" zonaları, işgüzar tədbirlər üçün müasir konfrans zalı və iclas otağı, xizək həvəskarları üçün xizək məktəbi və iki xizək simulyatoru ilə təchiz edilmiş mərkəz fəaliyyət göstərəcək. Hotelin yerləşdiyi əraziyə xizək sürənlərin rahat yaxınlaşmalarını təmin etmək üçün burada ilk dəfə "MegaCord" əlaqələndirici lift fəaliyyət göstərəcək. Bu lift hoteli ümumi kanat yolları şəbəkəsi ilə birləşdirəcək.
XİZƏK STADİONU AZƏRBAYCANIN İDMAN ÖLKƏSİ KİMİ DÜNYADA BEYNƏLXALQ ROLUNU DAHA DA ARTIRACAQ
Şahdağın gözəl təbiəti və yeni hotelin göstərəcəyi xidmətlər qonaqların istirahətini unudulmaz edəcək. Hotelin qarşısında təbii gölün füsunkar mənzərəsi, gölətrafı müxtəlif restoran və kafelər qonaqların istirahətinə xüsusi rəng qatacaq. Qeyd edək ki, yeni hotelin interyerində milli ornamentlərə üstünlük verilib. Taxtadan hazırlanmış və əl işi olan Qarabağ xalçasının nümunəsi də hotelin interyerini bəzəyən elementlərdən biri olacaq. Hoteldə 250 yerlik restoran qonaqların ixtiyarına veriləcək. İnşaat işlərinin ikinci fazasında hotelin yaxınlığındakı dağlıq ərazidə gəzinti parkının tikintisi də nəzərdə tutulur. Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən Xizək Stadionu Kompleksinin "Xizək klubu" binasında kafe, brifinq, iclas və konfrans zalları, mətbuat nümayəndələri üçün otaq olacaq. Yalnız qış mövsümündə deyil, bütün ilboyu burada "Xizək klubu"nun üzvü olanlara, o cümlədən uşaq və yeniyetmələr üçün xizəksürmə kursları təşkil ediləcək.
Xizək Stadionu Kompleksində yaradılmış yamac Beynəlxalq Xizək və Snoubord Federasiyasının bütün tələb və standartlarına tam cavab verir. Burada idmanın bu növü üzrə müxtəlif beynəlxalq yarışların, o cümlədən dünya və Avropa çempionatlarının keçirilməsi üçün hərtərəfli şərait yaradılacaq. İdman kompleksində idmançıların, məşqçilərin və azarkeşlərin rahatlığı üçün bütün məqamlar nəzərə alınacaq. Burada 500 nəfərlik tribuna quraşdırılacaq.
Qeyd edək ki, artıq bir neçə ölkə öz idmançılarının Şahdağ Turizm Kompleksinin ərazisində inşa olunan Xizək Stadionu Kompleksində təlim-məşq toplantıları keçirmələri üçün müraciət edib.
Beləliklə, burada yaradılan şərait bir daha Azərbaycanın idman ölkəsi kimi dünyada beynəlxalq rolunu daha da artırmaqla yanaşı, ölkəmizdə idmanın bir çox növü üzrə nüfuzlu yarışların keçirilməsi üçün mühüm layihələrin icra olunduğunu, müasir infrastrukturun qurulduğunu nümayiş etdirir.
Xizək Stadionu Kompleksinin istifadəyə verilməsi ilə gənc nəsildə idmanın bu növünə olan maraq artacaq, bu sahədə idmançılar yetişəcək, ölkəmizi beynəlxalq səviyyəli idman yarışlarında layiqincə təmsil edəcəklər.
TURİZMİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ
Vurğulamaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikildi, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsi olaraq uğurlu nəticələr əldə edildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları turizmin inkişafının yeni mərhələsinə təkan oldu. "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi. Bütün görülən işlərlə yanaşı olaraq, ölkənin turizm potensialının beynəlxalq aləmdə tanınması məqsədilə Almaniya və Avstriya turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün info-turlar təşkil edildi. Azərbaycanda ilk dəfə olaraq Turizm Filmləri Festivalı keçirildi. Turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən işlər görüldü.
Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları turizmin də daha da inkişafına səbəb olub. Ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, eləcə də peşəkar kadların hazırlanmasına diqqətin artırılması və s. Azərbaycanı turizm ölkəsi tək tanındıb. Mövcud olan irəliləyiş və nailiyyətlər dünyanın hər bir qitəsindən olan turistləri Azərbaycana gətirir. Ümumilikdə Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb. Xüsusilə bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilib. Yeni turizm mərkəzləri açılıb.
Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümlük anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaradıb. Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və komplekslərini yaradıdır. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. "Şahdağ" qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" qış-yay turizm kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açdı.
QIŞ TURİZMİNİN İNKİŞAFINDA NƏHƏNG İNFRASTRUKTUR
Qış turizminin inkişaf etdirilməsi ilə bağlı atılan növbəti addımlardan biri də Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi oldu. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində nəhəng infrastruktur yaradılıb. Ərazidə insanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastrukturun, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılıb. Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə imkanlar verir.
Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Bütünlükdə "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malikdir. Bu layihənin reallaşdırılması respublikada dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün də hərtərəfli imkanlar açır. "Şahdağ" Qış-Yay Turizm, "Tufan" Dağ-Xizək Qış-Yay İstirahət komplekslərində görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə olunan uğurların göstəricisidir. Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Azərbaycana - Qəbələyə, Qusara səfər edə bilərlər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bu məkanlar qışda da turistləri ən gözəl istirahət mərkəzidir.
Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. Son illər ərzində ölkəmizdə mehmanxana və mehmanxana tipli obyekt tikilərək istifadəyə verilib. Azərbaycanın turizm coğrafiyası genişlənib. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. Gün-gündən inkişaf edən respublikanın iqtisadiyyatında turizm sektoru prioritet sahəyə çevrilib. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər davamlı olaraq həyata keçirilir. Qədim tarixi abidələri, coğrafi şəraiti baxımından diqqətdə olan Azərbaycanın bir çox məkanlarına turistlərin axını davam etməkdədir. Ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl işlər görülməkdədir.
Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.
Ölkə başçısının məqsədyönlü və balanslı xarici siyasəti, uğurlu daxili siyasəti nəticəsində Azərbaycan bu gün dünya üzrə ən təhlükəsiz və sabit ölkələr sırasındadır. Bu amil isə müasir dünyada turistlərin səyahət seçimi etməsində ən əsas göstəricidir.
DÜNYANIN APARICI OTEL BRENDLƏRİ AZƏRBAYCANDA
Əlbəttə ki, Azərbaycanın bölgənin lider dövlətinə çevrilməsi dünyanın ən məşhur firma və şirkətlərinin, brendlərinin ölkəmizə diqqətinin artmasına səbəb olub. İqtisadi inkişaf nəticəsində turizm sektoruna da xüsusi dövlət qayğısı, o cümlədən sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması dünyanın tanınmış otel şirkətlərinin də ölkəmizə axınını gücləndirib. Əgər bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" kimi dünyanın səkkiz aparıcı otel brendi Bakıdadırsa, artıq bu ölkəmizin inkişafının bir göstəricisidir. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Bakıda beşulduzlu otellərin sayı durmadan artır. Beşulduzlu otellərdə rahat və gözəl yerləşmə, yüksək xidmət və cazibəli interyer diqqəti cəlb edir. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasında əhəmiyyətli rol oynayır. Bu gün nəinki paytaxt Bakıda, eləcə də Azərbaycanın bir çox yerlərində ən müasir səviyyədə otellər tikilib. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə heyrətləndirən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı.
Bütün bunlar göstərir ki, Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına təsirini göstərir. Azərbaycanda turizm sahəsində yaradılan imkanlar dünya səviyyəsindədir.
Nəzakət ƏLƏDDİNQIZI