PDF Oxu

Siyasət

  • 1 153

Milli inkişaf modeli: Dayanıqlı inkişaf və yeni hədəflər

image

Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə dövlətimizin 2024-cü ildə əldə etdiyi nailiyyətləri və qarşıdakı dövr üçün perspektivləri geniş şəkildə əks etdirir. Müsahibədə vurğulanan məqamlar həm iqtisadi inkişafın dayanıqlılığını, həm də regional siyasətdə Azərbaycanın mövqeyinin daha da gücləndiyini sübut edir.

Cənab İlham Əliyevin sözlərinə görə, 2024-cü il Azərbaycan üçün iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur: “Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək...”.
ÜDM-in 4 faizdən çox artması qlobal iqtisadi çətinliklər fonunda Azərbaycanın maliyyə dayanıqlılığını və iqtisadi potensialını nümayiş etdirir. Dövlətin diqqət mərkəzində qeyri-neft sektorunun inkişafı dayanır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi strategiyasının uğurlu nəticəsidir. Neft hasilatındakı tənəzzülün sabitləşdirilməsi ümumi iqtisadi göstəricilərin mənfi təsirlərdən qorunmasına töhfə verib. Hökumətin bu sahədə apardığı islahatlar enerji sektorunda sabitliyi təmin etməklə yanaşı, gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Qeyri-neft sektorundakı nailiyyətlər Azərbaycanın dayanıqlı və diversifikasiya edilmiş iqtisadi modelə keçidində mühüm addım hesab edilir. Bütün bu uğurlar, həmçinin dövlətin beynəlxalq arenada iqtisadi mövqeyinin güclənməsini dəstəkləyir və Azərbaycanı dünya birliyində etibarlı tərəfdaş kimi tanıdır.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Qazax rayonunun dörd kəndinin Ermənistan işğalından azad edilməsi olub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin hər hansı dialoqu mümkünsüz etdiyini və danışıqlar prosesindən yalnız işğalı davam etdirmək üçün bir alət kimi istifadə etdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib: “Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi...”.
Qazaxın kəndlərinin azad olunması, delimitasiya və demarkasiya proseslərinin eyni vaxtda həyata keçirilməsi unikal hadisədir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanı buna vadar edən əsas amillərdən biri Vətən müharibəsi və Azərbaycanın antiterror əməliyyatları olub. Bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində növbəti mühüm addım kimi dəyərləndirilir.
Xarici havadarlarının dəstəyi ilə Ermənistan bir müddət qanunsuz işğalını davam etdirsə də, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qətiyyətli mövqeyi və strateji siyasəti sayəsində bu planları tamamilə iflasa uğratdı. Dövlətimizin prinsipial siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Ermənistanın işğalçı niyyətlərini alt-üst etdi. Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü addımlar hərbi-siyasi və diplomatik müstəvidə möhtəşəm qələbələrimizi şərtləndirdi. Bu yanaşma beynəlxalq ictimaiyyətə Azərbaycanın ədalətli mübarizəsinin hüquqi və mənəvi baxımdan tam haqlı olduğunu sübut etdi. Eyni zamanda, Azərbaycan dövləti bölgədə sülh və sabitliyin əsas təminatçısı kimi öz mövqeyini daha da gücləndirərək həm regionda, həm də beynəlxalq miqyasda nüfuzlu strateji tərəfdaş kimi tanındı.
Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məsələ isə Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı verdiyi açıqlamalar Azərbaycanın bu bölgələrin yenidən qurulması istiqamətində ciddi addımlar atdığını göstərir. Bərpa işlərinə ayrılacaq maliyyə vəsaitinin miqdarı və daha çox vəsaitin sərf edilə biləcəyi vurğulanıb, bu da Azərbaycanın bərpa prosesinə olan ciddi yanaşmasını nümayiş etdirir. Həmçinin, keçmiş köçkünlərin evlə təmin edilməsi və müxtəlif sahələrdə işlə təmin olunmaları azad edilmiş ərazilərin sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi üçün atılan mühüm addımlardır. Bu addımlar, həmçinin regionun yenidən qurulması və sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın 2024-cü ildə əldə etdiyi siyasi və iqtisadi uğurlar dövlətin düzgün strateji yol seçdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyi, siyasi müstəqilliyinin əsas təminatıdır. Qeyri-neft sektorunun inkişafı, valyuta ehtiyatlarının artırılması və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanı regionun lider ölkəsi mövqeyinə yüksəldir. Cari ildə həm iqtisadi, həm də siyasi sahələrdə daha böyük uğurların əldə edilməsi planlaşdırılır. Bu, xalqın sosial rifahını artırmaq və dövlətin regional liderlik mövqeyini gücləndirmək üçün möhkəm bir zəmin yaradır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Digər xəbərlər