“Azərbaycan son 22 ildə çox böyük iqtisadi uğurlara imza atıb. Cənubi Qafqazın ən böyük iqtisadi potensialına malik olan ölkəmiz iştirakı olmadan regionumuzda heç bir layihə gerçəkləşə bilməz. Bu gün ölkəmiz nə iqtisadi, nə də siyasi cəhətdən heç bir ölkədən asılı deyil. Ölkəmizdə, xüsusilə də, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir. Xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Biz artıq donor ölkə qismində çıxış edirik, beynəlxalq iqtisadi layihələri maliyyələşdiririk. Dövlətimizin iqtisadi inkişafı gücləndikcə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. İqtisadi inkişaf, gəlirlərin artması bütün sosial sahələrə də müsbət töhfəsini verir. Təbii ki, bütün bunlar Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və cəsarətli addımları sayəsində mümkün olub”.Bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin iqtisadi həyatında çox böyük əhəmiyyət kəsb edən vacib məqamlara toxunub: “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faziə qədər artırmaqdır. Bunun üçün sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir. Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən məlum oldu ki, Azərbaycan xarici borcunu bir qədər artırmaq niyyətindədir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir. Qarşıya qoyulan böyük layihələri icra etmək və büdcə yükünü azaltmaq üçün xarici borclanmaya getmək olar. Bu, ölkə iqtisadiyyarına müsbət təsir göstərəcək”.
T.Mirkişili bildirdi ki, 41 milyard manat olan 2025-ci ilin büdcəsində Azərbaycan tarixində rekorddur: “Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi idarəetmədə şəffaflığın təmin edilməsi gəlirlərimizin artmasına müsbət təsir göstərib. Büdcəmizin rekord səviyyədə olması 2024-cü ilin fəaliyyətinin nəticəsi deyil. Bu, uzun illər aparılan iqtisadi islahatların, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin, investisiya mühitinin yaxşılaşdırılmasının bizə verdiyi bəhrədir. Yeni idarəetmə modelinin müsbət tərəflərini artıq görməyə başlamışıq. Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunması, idarə heyətlərinin yaradılması və ora dövlət məmurlarının təyin edilməsi sayəsində bu sahədə şəffaflaşma təmin edildi. Uzun illər zərərlə işləyən dövlət şirkətləri bu dəyişikliklərdən sonra nəinki özü-özünü təmin etdi, həm də dövlət büdcəsinə ödəmələr etdilər. Ölkə başçısının da vurğuladığı kimi, uzun illər zərərlə işləyən, hər dəfə dövlət büdcəsindən dotasiyalar alan SOCAR, “Azərbaycan Hava Yolları”, Dövlət Dəmir yolu idarəsi indi gəlirlə işləyirlər. İqrisadi sahədə müşahidə olunan inkişaf sosial sahəyə də öz müsbət təsirini göstərir. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatdı. Minimum pensiya 40 manat artaraq 320 manat oldu. Qarabağ və Şərqi Zəngəzurda bu qədər tikinti-quruculuq işlərinin getdiyi bir zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində belə bir addımların atılması dövlətimizin gücünün göstəricisidir".