Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir. SİA-nın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcması (QAİ) bəyanat yayıb.Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.Bəyanatda qeyd olunub ki, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olub:"Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir. Xatırladaq ki, sözügedən sənədlərin yayılması ilə İcmanın təşəbbüsü ilə BMT-nin rəsmi sənədləri kimi yayımlanmış sənədlərin sayı ona çatmışdır".İcma Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə QAİ ilə dialoqa başlamağa çağırıb:"Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsini beynəlxalq qurumların gündəliyinə təqdim etməkdə davam edəcək. İcma bir daha Ermənistan hökumətini sələflərinin başlatdığı irqi ayrı-seçkilik siyasətindən əl çəkməyə, beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırır".