"Cənab Prezident yerli televiziya kanallarına müsahibəsində bir çox məqamlara toxundu, cəmiyyəti narahat edən, münasibət bildirilməsi vacib olan məsələləri gündəmə gətirdi. Bu həm dünyaya mesaj göndərir, həm də Azərbaycanın daxilində cəmiyyətə mesaj göndərir ki, bir sıra məsələlərlə bağlı dövlətin mövqeyi necədir". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.Onun sözlərinə görə, Prezidentin vurğuladığı hər bir məsələ önəmlidir və cəmiyyəti düzgün istiqamətləndirir: "Bir yandan Ermənistan təhlükə və təhdid mənbəyi olması məsələsini vurğulayır, digər yandan Ermənistan guya sülhə razılaşdığını bildirir, guya 17 bənddən 15-i hazırlanıb. Amma digər tərəfdən kütləvi şəkildə silahlanıblar. Prezident İlham Əliyev bu məsələni xüsusilə vurğuladı ki, bu Ermənistanın ikiüzlü mövqeyindən xəbər verir. Əgər doğrudan da sülh müqaviləsi imzalamaq istəyirsinizsə, silahlanmaq nə yerdədir. Bilirsiniz ki, Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiasındadır. Bunu hər yerdə deməyə çalışırlar. Bunlar göstərir ki, ermənilərin aydın mövqeləri yoxdur.Digər tərəfdən, Laçın istiqamətində atəşkəs pozuldu. Bu Ermənistan tərəfindən Azərbaycana qarşı bir çağırışdır. Kimlərinsə sifarişi ilə olubsa, bu da başqa məsələdir. Ermənilər Naxçıvan istiqamətində səngərlər qazırlar, istehkamlar qururlar. Bunlar hamısı onu göstərir ki, Ermənistan sözdə sülh, reallıqda isə müharibəyə hazırlaşır. Bu məsələni cənab Prezident də vurğuladı və qeyd etdi ki, buna görə Azərbaycan məcburdur bu qədər xərclərin içərisində hərbiyə daha artıq məbləğdə vəsait ayırsın. Ermənistan bu cür təhdidlər etməsəydi, Azərbaycan bu xərcləri bərpa işlərinə və s. sərf edərdi.Həmçinin, Prezident İlham Əliyev Zəngəzur məsələsi ilə bağlı problemi çox aydın şəkildə ortaya qoydu. Birmənalı şəkildə bildirdi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Prezidentimiz dediyi sözün sahibidir. Bunu ermənilər çox gözəl bilir. Onlar Prezidentin bu açıqlamasından ciddi şəkildə təlaş içərisindədirlər. Onlar bilir ki, Prezidentimiz dediyini edəcək. Çox yaxın vaxtlarda, ən azından bu il ərzində Zəngəzur dəhlizi açılacaq. Azərbaycan cəmiyyətində də bu məsələ müdafiə olunmalıdır və olunur da. Ermənistan Prezident İlham Əliyevin açıqlamalarından sonra nəticə çıxarmalıdır. Ermənistanın arxasında kim dayanır-dayansın, Zəngəzur dəhlizinə kimlərsə mane olmağa çalışırsa, bunun heç bir təsiri yoxdur. Azərbaycan dediyi sözün üstündədir".
Ayşən Vəli