PDF Oxu

Siyasət

  • 548

Tarxi yaradan və onu inkişaf etdirən LİDER TƏHLİL

image

Ulu Öndər Heydər Əliyevin ideyaları və əsasını qoyduğu siyasət Azərbaycan dövləti var olduqca yaşayacaq

Cəmiyyətlərdə birliyə, bərabərliyi heç də hər zaman nail olmaq mümkün olmur. Çünki çoxmilyonlu əhali arasında fərqli düşünən, fərqli mövqeyə və düşüncəyə malik insanlar olur. Bu cür xaosdan istifadə edən məkrli siyasi, hərbi dairələr istəklərinə əsasən həmin xalqları sıradan çıxarmağa, dövlətləri məhv etməyə nail olurlar. Elə uzağa getməyək, 20-ci əsrin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini qazansa da, onu qoruyub, saxlamağı bacarmadı. Çünki cəmiyyətdə birlik mövcud deyildi. İkincisi, hakimiyyət iddiasında olan insanların sayı kifayət qədər çox idi, üçüncüsü isə, əhalini bir araya gətirib bir bayraq altında birləşdirməyi və müstəqilliyi inkişaf etdirməyi bacara biləcək lider yox idi. Məhz bu cür boşluqdan istifadə edən Rusiya çətinlik çəkmədən Azərbaycanı işğal edib, dövlətçiliyinə son qoydu. Allahımıza min dəfələrlə şükürlər olsun ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın yenidən müstəqil dövlətçiliyini bərpa etmək lütfünü bəxş etdi. Təəssüf ki, yenə də ötən əsrin əvvəllərində baş vermiş səhvlər təkrarlanmağa başladı. O dövrdə ölkəmizdə baş verən xaos və anarxiya, hakimiyyət uğrunda savaş dövlət müstəqilliyinin məhv olunması təhlükəsi ilə üzləşdirmişdir. Müxtəlif vasitələrlə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək gücünə və imkanına malik deyildi. Çünki dövləti idarə etmək, xalqın maraqlarını təmin etmək, xarici siyasi kursu layiqincə həyata keçirmək üçün bacarıqları və təcrübələri yox idi. Bu çatışmazlıqlar ölkəni ağır bəlalara sürükləyirdi. Vəziyyəti ağır olmasından istifadə edən erməni terrorçu hərbi birləşmələri ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Xalq problemlərin aradan qaldırılması, erməni terror maşınının torpaqlarımızın işğal etməsinin qarşısının alınmasının, sosial-iqtisadi məsələlərin həll edilməsi üçün AXC- Müsavat iqtidarına çağırışlarla müraciətlər etsələr də, bu çağırışlara, etirazlara əhəmiyyət verilmirdi. Əksinə, AXC-Müsavat iqtidarı narazı xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə sakitləşdirməyə çalışırdı. 1993-cü ilin iyun hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə ölkə ziyalıları 1992-ci ilin oktyabrın 16-da o dövrün ən populyar, sevilən və seçilən qəzeti olan “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir”.

Ulu Öndərimiz “Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciətinə cavab məktubunda qeyd edir ki...

Ziyalıların Ulu Öndərə ünvanlanan müraciətində qeyd olunur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

Ziyalıların müraciətinin sonunda bir daha qeyd edilir ki, müraciətə minlərlə Azərbaycan vətəndaşı qoşulmağa hazırdır: “Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ürəyi hər zaman xalqının istək və arzuları ilə döyünən Dahi Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət münasibət bildirdi. Ulu Öndərimiz Heydər Əliyev 1992-ci il oktyabrın 24-də “Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciətinə cavab məktubunda qeyd edir ki, Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də Məni narahat edir:“Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.

Qarşıya qoyulan vəzifələrə nail olundu

Beləliklə, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçildi. Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir. Sonralar Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: “YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

1993-cü ildə Dahi Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan, məhv olunmasından xilas etdi. Uğurlu Horadiz əməliyyatından sonra Ermənistanın atəşkəs sazişini imzalanmağa məcbur edilməsi həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addımların atılmasına yol açdı. 1994-cü ilin sentyabrın 20-də əfsanə kimi görünən “Əsrin müqaviləsi” neft sazişi imzalandı. “Əsrin müqaviləsi” yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində, həmçinin imzalanan saziş və Anlaşma Memorandumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. 1995-ci il noyabrın 12-də qəbul olunan Milli Konstitusiyamız insan hüquq və azadlıqlarının qorunmasında ən möhkəm baza rolunu oynayır. Ölkəmizdə azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində mühüm addımlar atıldı.

Azərbaycanı dünyada öz gücü, qüdrəti və inkişafı ilə seçilən Qalib bir dövlətə çevrilib

Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas başlıca amillərdən biri də Dahi Öndərimiz Heydər Əliyev ölkə Prezidenti İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsidir. Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqa müraciətində demişdir: “Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən 21 il ərzində Prezident İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin başlatdığı bütün işləri yüksək səviyyədə həyata keçirib, başlıcası Azərbaycanı dünyada öz gücü, qüdrəti və inkişafı ilə seçilən Qalib bir dövlətə çevirib, Ata vəsiyyətini yerinə yetirib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin son 21 ildə gördüyü fundamental işlər Onun 2003-cü il prezident seçkiləri ərəfəsi xalqla görüşündə verdiyi bütün vədləri yerinə yetirdiyini göstərir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Bu günümüzün reallıqları bu məqsədin artıq gerçəklik olduğunu təsdiqləyir. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi”nin imzalanması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir. “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır.

Qələbələrimizin uca zirvəsi torpaqlarımızın işğaldan azad edilməsidir

Birmənalı şəkildə demək olar əldə olunan qələbələrimizin uca zirvəsi 2020-ci il sentyabrın 27 -də başlayan 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın erməni işğalından azad edilməsi Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. 2023-cü ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Azərbaycan Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Qarabağda aparılan antiterror əməliyyatları ilə terrorçu hərbi birləşmələr tamamilə ləğv olundu və terrorçu başçılar həbs olunaraq istintaq orqanlarına təhvil verildilər. Yaxın günlərdə terrorçu başlar məhkəmə qarşısına çıxarılacaq və layiq olduqları cəzaları alacaqlar.

Bu gün işğaldan azad edilən ərazilərimiz rahat nəfəs alır. Aparılan genişmiqyaslı quruculuq, pərpa, tikinti işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin və bu siyasəti uğurla davam etdirən Fateh Sərkərdə, Ali Baş Komandan, Prezident İlham Əliyevin xeyirli, gərəkli fəaliyyətinin bəhrəsidir. Bu baxımdan demək olar ki, Azərbaycan dövlətinə və xalqına böyük zəfərlər, qələbələr gətirən Ulu Öndərimiz Heydər Əliyevin ideyaları, əsasını qoyduğu siyasət Azərbaycan dövləti var olduqca yaşayacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər