“Ermənistan hökuməti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıda bilməsinə şərait yaratmalıdır”.Bu sözləri Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibə zamanı səsləndirdiyi “bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar” fikrini xatırladan deputat bildirib ki, bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir:
“Qərbi Azərbaycan bizim tarixi və əzəli torpağımızdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır”.
Deputat qeyd edib ki, indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır:
“Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılıblar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur”.