PDF Oxu

Siyasət

  • 608

Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb

image

Dövlət başçısının 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə, bir çox mühüm məqamları gündəmə gətirdi.

Cənab Prezident, hər zaman olduğu kimi, bu dəfə də reallıqları diqqətə çatdıraraq, Azərbaycanın öz müstəqil siyasətini davam etdirəcəyini və heç bir xarici təzyiqə boyun əyməyəcəyini bəyan etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb. Və biz bu müsahibədə yeni dünya düzəninin formalaşmasında ölkəmizin rolu və mövqeyi, strateji hədəflərə dair çox mühüm təhlilləri eşitdik. Ölkəmiz, artıq müşahidəçi mövqeyində deyil, öz gündəmində qərar verən və bu gündəmi həm regional, həm də qlobal miqyasda uğurla irəlilədən bir güc olaraq çıxış edir.

Müsahibədə önə çıxan digər bir vacib məqam isə Azərbaycanın, Cənubi Qafqazda yeni nəqliyyat və enerji xəritəsini formalaşdıran lider ölkə olaraq qeyd edilməsi idi. Bu, Azərbaycanın yalnız regionda deyil, dünyada da artan nüfuzunun bir göstəricisidir. Bütün təzyiqlərə, təhdidlərə və risklərə baxmayaraq, Azərbaycan, öz gücü və iradəsi ilə ərazi bütövlüyünü bərpa edərək, yeni reallıqlar yaratmağa davam edir. Bu, həm də Azərbaycanın beynəlxalq arenada müstəqil siyasət yürütməkdəki qətiyyətini təsdiq edir. Prezidentin vurğuladığı əsas məsələlərdən biri, Azərbaycanın müstəqil şəkildə öz ərazi bütövlüyünü bərpa etməsidir. Bu, dünya tarixində təkrarlanmayan bir nailiyyətdir. Bir çox ölkələr müxtəlif xarici təsirlər altında ərazi bütövlüyünü qorumağa çalışır, amma Azərbaycan, hər hansı bir xarici dəstək olmadan, öz gücü və xalqının birliyi ilə bu məsələnin öhdəsindən gəlmişdir. Bu müstəqillik, həm regional, həm də qlobal səviyyədə bir çoxları üçün dərindən təqdir edilən bir uğurdur. Bütün bunlar göstərir ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, beynəlxalq miqyasda da öz sözünü deyə bilən, yeni dünya düzəninə töhfələr verən bir ölkədir. Azərbaycanın bu inamlı və qətiyyətli mövqeyi, ölkəmizin gələcəkdə daha da güclənəcəyinin və dünya siyasətindəki yerini möhkəmləndirəcəyinin ən böyük göstəricisidir.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın Prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində bir daha qətiyyətlə bəyan etdi ki, Ermənistan regionda sülh və sabitliyin bərqərar olmasına ən böyük maneə olaraq qalır. Ermənistanın destruktiv siyasəti, əslində, onların əsl mahiyyətini üzə çıxarır: bu ölkə nəinki öz işğalçılıq keçmişindən dərs alıb, əksinə, bu siyasəti dövlət səviyyəsində davam etdirir. Dünya ictimaiyyəti artıq bu reallığı tam şəkildə dərk edir. Bəllidir ki, Ermənistan sülhə qarşı çıxmaqla təkcə regiona deyil, həm də beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi təhdid yaradır. Prezident İlham Əliyevin "coğrafi maneə olmamalıdır" ifadəsi isə yalnız Ermənistanın siyasətinə deyil, həm də bu siyasəti dəstəkləyən, onu qızışdıran qüvvələrə, xüsusən Fransa və ABŞ kimi dövlətlərə ünvanlanan strateji mesajdır. Bu sözlər, Azərbaycanın öz haqq işində nə qədər prinsipial və güclü olduğunu bir daha nümayiş etdirir. Azərbaycanın Türkiyə ilə sarsılmaz birliyi, Ermənistanın isə bu iki qardaş ölkə arasında "coğrafi maneə" rolunu oynaması qətiyyən qəbul edilə bilməz. Bu, həm regionun gələcəyi, həm də qlobal maraqlar baxımından açıq bir ədalətsizlikdir. Fransa və ABŞ kimi dövlətlər bu mesajı çox yaxşı başa düşürlər. Bu sözlər təkcə siyasi ritorika deyil, həm də ciddi xəbərdarlıqdır: Ermənistanın işğalçılıq siyasətinə göz yumanlar və onu silahlandıranlar da öz məsuliyyətlərini dərk etməlidir. Azərbaycan, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə, bu çətinliklərin öhdəsindən gəlməkdə qərarlıdır. Sülh və sabitlik yalnız haqqın və ədalətin bərqərar olduğu yerdə mümkündür. Bu isə Azərbaycanın prinsipial mövqeyində öz əksini tapır.

Azərbaycan Prezidenti müsahibəsində Ermənistanın həyata keçirdiyi silahlanma prosesini Cənubi Qafqaz üçün yeni təhlükə mənbəyi kimi qiymətləndirdi. Bu açıqlama təsadüfi deyildi və strateji bir mesajın ötürülməsinə xidmət edirdi. Bu mesaj, bir daha göstərir ki, Azərbaycan regionun gələcəyinə biganə qalmayacaq və təhlükəsizliyinə yönəlmiş hər bir təhdidə qətiyyətlə cavab verəcəkdir. Ermənistanın davam edən silahlanma siyasəti və onu silahlandıran qüvvələr bir həqiqəti anlamalıdırlar: Azərbaycan regionda sülhün və sabitliyin qorunması üçün təkcə müşahidəçi mövqeyində qalmayacaq. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, Ermənistan bu silahlanma prosesini dərhal dayandırmalı, işğalçılıq siyasətini gücləndirən addımlardan əl çəkməlidir. Eyni zamanda, ona silah tədarük edənlər də məsuliyyət daşıdıqlarını dərk etməli, təxribatçı niyyətlərindən imtina etməli və verdikləri silahları geri çəkməlidirlər.

Prezident İlham Əliyevin bu mövqeyi Azərbaycanın milli maraqlarını qorumaq və regionun gələcəyini təmin etmək yolunda prinsipial mövqeyinin göstəricisidir. Ermənistanın və onun havadarlarının sülhə təhdid yaradan planları Azərbaycanın qətiyyətli addımları ilə qarşılaşacaqdır. Azərbaycanın mesajı birmənalıdır: regionun taleyi ilə oynamağa cəhd edənlərə qəti şəkildə yol verilməyəcək. Bu, həm Ermənistan, həm də onun silahlandırılmasına töhfə verən qüvvələr üçün ciddi xəbərdarlıqdır. Azərbaycanın güclü mövqeyi regionun sabitliyini və təhlükəsizliyini təmin etmək məqsədini bir daha təsdiqləyir.

Prezident bir daha nümayiş etdirdi ki, Zəngəzur dəhlizinin açılması tarixi bir zərurətdir və bu prosesin qarşısını heç bir qüvvə ala bilməz. Dövlət başçımızın qətiyyətli mövqeyi Ermənistan rəhbərliyinə açıq bir mesaj olaraq səsləndi: rəsmi İrəvan bu həqiqəti nə qədər tez qəbul edərsə, özü üçün bir o qədər faydalı olar. Prezidentin ünvanladığı “Nə qədər və niyə gözləməliyik?” sualı isə Ermənistanın illərdir cavabını verməkdən qaçdığı reallığı ortaya qoyur. Bu sual yalnız məntiq deyil, həm də tarixin və beynəlxalq hüququn doğurduğu tələbdir. Əks halda, Ermənistan keçmişdə olduğu kimi yalnız vaxt itirəcək və nəticədə öz xalqını daha da çətin bir vəziyyətə salacaq.

Cənab Prezidentin müsahibəsində toxunduğu digər önəmli məqam isə azərbaycanlıların öz dədə-baba yurdlarına – Qərbi Azərbaycana qayıdışı ilə bağlı idi. Dövlət başçımızın bu mövzudakı siyasi iradəsi və qətiyyəti bir daha göstərir ki, Azərbaycan xalqının hüquqları tarixdə olduğu kimi indi də tapdanmayacaq. Etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş həmvətənlərimiz mütləq geri qayıdacaq, bu proses beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe ilə həyata keçiriləcək. Qarabağdan köçkün düşənlərin öz yurd-yuvalarına qayıdışının necə reallaşdırıldığını artıq bütün dünya, o cümlədən Ermənistan cəmiyyəti yaxşı görür. İndi isə növbə Qərbi Azərbaycandadır.

Prezident İlham Əliyevin “Mən bilirəm ki, Azərbaycan xalqı mənim arxamdadır. Azərbaycan xalqı isə bilir ki, mən onların arxasındayam”, sözləri, lider və xalq arasında dərin etimad və qarşılıqlı dəstək əlaqəsini əks etdirir. Bu, həm dövlət başçımızın şəxsi, həm də bizim ümumi uğurumuzun düsturu idi. Xalqın öz liderinə güvənməsi və liderin xalqa dayaq olması, ölkənin həm daxili, həm də xarici siyasətində mühüm nəticələr əldə etməsinə şərait yaradır. Azərbaycan cəmiyyətində bu birliyin formalaşması, dövlətin gücünü və sabitliyini təmin edən ən mühüm faktorlardan biridir. Prezident müsahibəsində iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bu təcrübənin unikallığından bəhs edir. Əslində, bu, Azərbaycanın keçmişdən gələcəyə keçid dövrünün lideri olmaq mənasını daşıyır. Möhtərəm Prezidentimiz həm çətin dövrlərdə ölkəyə rəhbərlik edib, həm də qələbənin memarı kimi tarixdə iz qoyub.

Saleh Məhərrəmov
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər