PDF Oxu

Siyasət

  • 961

Qəhrəmanlıq tarixi

image

20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayətdir. 35 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük İkinci Qarabağ müharibəsi tarixi Zəfərimiz ilə başa çatdı. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirdiyi gündür. 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Tariximizin hər bir səhifəsi daim vərəqlənir, indiki və gələcək nəsillərə çatdırılması əsas çağırışlar sırasındadır. Bu fakt inkaredilməzdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Bakıda və respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir.
Məqsəd Azərbaycan xalqının azadlıq istəyini boğmaq, onun susdurmaq idi. Ancaq onlar öz məqsədlərinə nail ola bilmədilər. 20 Yanvar faciəsi xalqımızın milli azadlığına qovuşmasına təkan verdi. Müstəqilliyə gedən yolun başlanğıcı oldu. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illəri faciələrlə, çətinliklə xalqımızın yaddaşındadır. Xalqımız müstəqilliyin sevincini 1993-cü ildən yaşamağa başladı. Belə ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu. 1993-cü ildən başlanan yol davamlı uğurlarımızı, möhtəşəm zəfərlərimizi şərtləndirir.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilib. Milli Məclisin həmin Qərarında bildirilmişdir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi. Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi: “Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub”.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, onların ailələrinə xüsusi diqqət göstərir. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Bu gün 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən və 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi birgünlük lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində suverenliyimizin tam təmin olunmasından bəhs edirik. Bu Zəfərlərə Vətən oğullarımızın canı, qanı bahasına nail olduq. Dövlət başçısı İlham Əliyev şanlı Zəfərimizdən bəhs edərkən daim gənclərimizin torpaq, Vətən sevgisini xüsusi önə çəkir. “Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq… O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı” söyləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət və qayğıları yüksək səviyyədədir. Bu diqqət və qayğı hər kəsin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Şəhidləri unutmağa haqqımız yoxdur. Vətənpərvərliyin ən ali zirvəsi şəhidlikdir. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Digər xəbərlər