PDF Oxu

Siyasət

  • 550

Xalqımızın qəhrəmanlıq və azadlıq tarixi - 20 yanvar faciəsi

image

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Hər bir xalqın tarixində, onu azadlığa aparan dövlətçilik yolunda həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı məhz 1990-cı ilin Qanlı Yanvar günlərini həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O qanlı yanvar gecəsində Azərbaycan xalqı həm də tarixi sınağa çəkildi. 20 Yanvar faciəsi, eyni zamanda həm ümümxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bu təcavuz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qururunu sındıra bilmədi, bu tarix qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.”

Bəli, 20 Yanvar Ümumxalq Hüzn Günü çağdaş tariximizə qanla yazılmış şanlı bir tarixdir. Həmin ağır günlərdə sovet rejimi zor və hiylə ilə çox şeyə nail olsa da, xalqımızın milli qürurunu yox edə bilməmişdi. Elə buna görə də ən müasir texnika və silahlarla təchiz edilən sovet ordusu əliyalın xalqın qəzəb və nifrətini aşa bilməyərək rüsvaycasına məğlub oldu. Minlərlə dinc vətəndaş gülləbaran edilsə də, Bakıda, digər əyalətlərimizdə misli görünməmiş bir qətliam törədilsə də, insanlarımız əsarətin yeni zəncirini parçalayıb azadlıq savaşına qalxdı.

Xalq hərbi rejim və fövqəladə vəziyyət şəraitində belə öz mübariz şəhidlərini çiyninə qaldıraraq dünyaya əyilməz iradəsini və milli ləyaqətini nümayiş etdirdi. Bütün bu vəhşiliklərə rəğmən Mixail Qorbaçovun rəhbərlik etdiyi mərkəzi hakimiyyət kütləvi insan qırğınını gizlətmək istiqamətində növbəti cinayətinə əl atdı. Dövlət televiziyasının enerji bloku partladılaraq Azərbaycan informasiya blokadasına salındı. O zaman Azərbaycanın mərkəzə bağlı kölə rəhbərliyi qaçıb gizləndi, populist meydan qəhrəmanları da yoxa çıxdı. Xalq özü qanla yazılmış yeni tarixinə sahib çıxaraq xəyanətkar imperiyaya birdəfəlik “yox!” dedi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilib, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoyub, silahsız mülki şəxsləri, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürüb, bununla da beynəlxalq hüquq normalarını, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəalarını, fundamental insan hüquqlarını kobudcasına pozmuş, tapdalamışdılar. Doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilib.

Həmin günlərdə silahsız, dinc əhaliyə qarşı keçirilən həmin qanlı əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostov vilayətlərindən səfərbərliyə alınmış erməni əsgər və zabitlər, orduda xidmət edən ermənilər daxil edilmişdi. Xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 3 istiqamətdə yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər törədiblər. Nəticədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verib. Belə ki, bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, təşkilatçıların, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Məhz ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Şəhidlərin xatirəsi əbədiləşdirilib, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib. Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm abidə ucaldılıb, bu gün onların uyuduğu torpaq soydaşlarımız üçün and yerinə çevrilib.

Keçmiş sovetlər birliyinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi təkcə bizim tariximizdə deyil, həm də bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Təsadüfi deyil ki, bu tarixi gündə bütün Azərbaycan vətəndaşları, böyük xalqımız şəhidlik zirvəsinə ucalan oğul və qızlarını hədsiz ehtiramla yad edir və daim yad edəcəkdir. İndi hər bir azərbaycanlı lazım gələn anda 20 Yanvar şəhidlərinin getdiyi şərəfli yolu təkrarlamağa hazırdır. Müstəqil dövlətimizin və dövlətçiliyimizin qarantı da məhz milli qürurunu, vətəndaşlıq qeyrətini hər şeydən üstün tutan belə oğulların varlığıdır.

Bu bir tarixi reallıqdır ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu cinayət xalqımızın milli-azadlıq hərəkatını boğmağa yönəlmiş antihumanist siyasətin acı nəticəsidir. Bütün dünya şahid oldu ki, 20 Yanvar hadisəsi xalqımızın, millətimizin iradəsini qıra bilmədi. Əksinə, bu qanlı faciə onun müstəqil milli dövlət qurmaq arzusunu daha da gücləndirdi və xalqımız bu müqəddəs yolda daha da inamla addımladı.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər