PDF Oxu

Siyasət

  • 558

COP29 – Azərbaycanın növbəti uğur hekayəsi ŞƏRH

image

Azərbaycan ən müxtəlif mədəniyyətlərin birləşdiyi dialoq mərkəzi kimi artıq bütün dünyada tanınan, sözünü demiş və son dərəcə etibarlı bir ölkə kimi tanınır. Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasət konsepsiyası və düşünülmüş addımlarının müsbət nəticəsidir ki, bu gün siyasi, iqtisadi, habelə mədəniyyət sahəsində Bakı dünyanın diqqət mərkəzindədir. Daima ən böyük və taleyüklü tədbirlərə təşkilatçılıq etmiş Azərbaycan, yola saldığımız 2024-cü ildə COP29 kimi nəhəng iqlim sammitinə də böyük uğurla ev sahibliyi etdi. 80-dən çox dövlət və hökümət rəhbərinin, on minlərlə qonağın qatıldığı bu iqlim sammitində dünyanın ekoloji taleyi müzakirə olundu, gələcəyə yönəlmiş mühüm qərarlar qəbul edildi.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində əldə edilən uğurlar sırasında 2024-cü ildə ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirləri xatırladıb. Bəli, Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Azərbaycan tarixində tayı-bərabəri olmayan, ölkəmizin birbaşa beynəlxalq nüfununun əsas göstərici sayılan COP29 kimi böyük tədbirin uğurla keçirilməsi həm də dövlətimizin böyük nüfuzundan xəbər verir.

Təkcə onu xatırlatsaq kifayət edər ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi dövlətimizə yüksək etimadın göstəricisidir. Bu konfransa qədər Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanmışdır. COP29 Azərbaycanın siyasi və iqtisadi gücünü artıran bir addım olaraq dəyərləndirilir. Konfransın təşkilində əldə edilən tarixi nailiyyətlər dövlətimiz üçün bu mötəbər tədbirin qlobal arenada daha geniş nüfuz qazanmaq, strateji hədəflərə çatmaq və ölkənin tanıdılması üçün müstəsna bir platforma olduğunu göstərir. Azərbaycan COP29-da özünün yaşıl inkişaf və ekoloji siyasəti ilə beynəlxalq aləmə nümunə olduğunu nümayiş etdirmişdir. Həmin nailiyyətlər Azərbaycanın diplomatik fəaliyyətinin daha da gücləndirilməsi, eləcə də regionda və dünyada yeni əməkdaşlıq imkanlarının yaranması baxımından əhəmiyyətli bir mərhələdir. Beləliklə, COP29 konfransına ev sahibliyi Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır.

Reallıq budur ki, COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışından çıxış edən Azərbaycan, dünyanın düşünən beyinlərini, iqlim məsələlərinə dair tanınmış alim və ictimai xadimləri Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev yerli telekanallara müsahibəsində onu da vurğulayıb ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. COP29-un Bakı Nailiyyəti kimi dəyərləndirilməsi nəticələr barədə aydın təsəvvür yaradır. Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd edib ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.

COP29 Azərbaycanın qlobal arenada həm ekoloji, həm də təşkilati imkanlarını nümayiş etdirmək üçün unikal fürsət oldu. Bu konfrans ölkəmizin beynəlxalq imicini gücləndirməklə yanaşı, dövlətimizə qarşı mövcud olan dezinformasiyaları aradan qaldırmağa da töhfə verdi. Ölkəyə ilk dəfə gələn qonaqların Bakının gözəlliyi, yerli cəmiyyətin fəallığı və peşəkarlığı ilə bağlı müsbət təəssüratları Azərbaycanın reallığını daha geniş auditoriyaya tanıtdı. Bu, həmçinin, Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi etmə bacarığının və yüksək təşkilati səviyyəsinin göstəricisi kimi diqqət çəkir. Dünyanın ən nüfuzlu tədbiri olan COP29-un uğurla təşkil olunması Azərbaycanın yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və ictimai sahədə nüfuzunu artırdı.

Həmin konfransın əsas müzakirə mövzularından biri qlobal iqlim dəyişikliyinin qarşısını almaq və bu məqsədlə maliyyələşmə məsələləri idi. COP29-da əldə edilən tarixi uğurlardan biri də İqlim üzrə Paris Sazişinin 6-cı maddəsinin tam razılaşdırılması oldu. 10 ilə yaxın müddətdə həmin maddə üzrə aparılan danışıqlar heç bir nəticə vermirdi və bu da iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu. COP29 Sədrliyinin həmin Sazişin 6-cı maddəsi üzrə yekun qərarlar qəbul etməsi dünya dövlətlərinin öz iqlim məqsədlərinə nail olmaq üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarlarının fəaliyyətə başlamasını təmin edir.

Həmçinin, COP29-da ildə minimum 300 milyard ABŞ dolları məbləğində iqlim dəyişikliyi ilə mübarizə üzrə təklif olunan Sazişin yekun variantı təsdiq edildi. Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək azı 300 milyard ABŞ dollarına çatdırılması təmin olunacaq. Bu faktorlar qlobal yaşıl keçid prosesində böyük bir nailiyyət kimi mühüm rol oynayacaq.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər