Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin təqdimatında mühüm rol oynadı. Belə ki, bu səfər Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfər idi. Gürcüstanın Baş nazirinin ilk xarici səfərini məhz Azərbaycana etməsi ölkələrimiz, xalqlarımız arasında dostluğu, qardaşlığı bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər bir-birinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qeyd etdiyi kimi, vacib məqam odur ki, hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik: “Bizim təkbətək görüşümüzdə ikitərəfli münasibətlərimizin maraqlı müzakirəsi oldu. Biz regionda cərəyan edən prosesləri və qlobal hadisələri müzakirə etdik. Əlbəttə, bütün bu proseslərin bizim ölkələrə təsiri var, bu, bizim siyasi mövqeyimizə də təsir edir. Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq”.
İnvestisayalar sahəsində əməkdaşlığın yüksək dinamikası mövcuddur. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu statistik rəqəmi də açıqladı ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub: “Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”.
Bu mühüm məqam da xüsusi qeyd edildi ki, energetika sahəsində iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz, həm də daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır. Ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Cənab İlham Əliyev bildirdi: “Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.
Regional çərçivədə qurulan əməkdaşlığın çoğrafiyası genişlənir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında hər iki ölkənin önəmli rolu olub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanılıb.
Dövlətimizin başçısı İlham Əliyevin “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” fikirləri Azərbaycan-Gürcüstan münasibətlərinin bu gününün və gələcəyinin ümumiləşdirilmiş ifadəsi oldu. Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri