İraqın “əl-Dustur” qəzetində iraqlı alim doktor Mutəzz Muhi Əbdülhəmidin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı məqaləsi dərc olunub. SİA xəbər verir ki, “20 Yanvar faciəsi Azərbaycanın yeni tarixində fəxr və şücaət səhifələrindəndir” sərlövhəli məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi tarixi cinayətdən bəhs olunur.
Müəllif qeyd edir ki, millətlərin və xalqların tarixində qara hərflərlə həkk olunmuş çoxlu fəlakət və faciə vardır. Lakin sovet qüvvələri tərəfindən törədilmiş Bakı qətliamı xarakteri və hədəfləri ilə başqalarından fərqlənir. Bu hadisə zamanı çox sayda günahsız mülki şəxs qətlə yetirilib, qırğınlar baş veib.Məqalədə diqqətə çatdırılır ki, həmin günün sübh çağı Bakının küçələrində xalqın oğul və qızlarının, günahsız uşaqlarının qanı axırdı. Bu, Sovet rəhbərliyinin ümidsiz cəhdi, dağılmaq və məhv olmaq ərəfəsində olan Sovet İttifaqının bütövlüyünü qoruyub saxlamaq üçün atılan amansız bir addım idi. Lakin Azərbaycan xalqına qarşı göstərilən ifrat qəddarlıq, sovet rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun gözləntilərinə uyğun nəticə vermədi. Əksinə, bu hadisələr xalqın müstəqillik və azadlıq uğrunda iradəsini və qətiyyətini daha da gücləndirdi və onu totalitar Sovet İttifaqından kənarda azad bir dövlət qurmağa sövq etdi.Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan Respublikası qarşılaşdığı faciə və müsibətlərə baxmayaraq, daim sülhsevər siyasət yürüdüb. Qısa müddət ərzində siyasi plüralizmə əsaslanan demokratik sistem qurmağa, azad bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməyə və hüquqi, sivil dövlət yaratmağa nail olub.Müəllif qeyd edir ki, son illərdə Azərbaycan öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad edən azsaylı dövlətlərdən biri kimi nümunə göstərib.