“Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, dövrün tələbinə uyğun olaraq yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verməsi bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Xarici siyasətimizin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə əlaqələrin yüksək səviyyədə qurulmasıdır. Bu baxımdan strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdədir. Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri bir daha iki dost, qardaş ölkənin tarixi koklərə söykənən əlaqələrinin geniş təhlilinə imkanlar yaratdı. Bu səfərin özəlliyi, münasibətlərimizin inkişafında rolu daha çox diqqət çəkdi. Belə ki, bu, Gürcüstanın Baş nazirinin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk xarici səfəri idi. Məhz ilk səfərin Azərbaycana həyata keçirilməsi iki ölkənin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Dövlətimizin başçısı İlham Əliyev Gürcüstanın Baş naziri ilə mətbuata birgə bəyanatında bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu səfər İrak Kobaxidzenin son 10 ayda Azərbaycana üçüncü səfəridir. Bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, qarşılıqlı səfərlər əlaqələrin inkişafında əsas amillərdən biridir: “İki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirdikdə hər iki tərəfin əməkdaşlıqda nə qədər maraqlı olduğunu görərik. Belə ki, dövlətimizin başçısı İlham Əliyev ötən dövrdə Gürcüstana 11 səfər edib. Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 səfər etmişdir. İki ölkə arasında 123 sənəd imzalanıb. Hər bir sənəd münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb”.
Malik Həsənov qeyd edib ki, Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır: “Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Prezident İlham Əliyev mətbuata bəyanatında bir daha diqqəti bu reallıqlara yönəldərək bildirdi ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini yatırırlar”.
Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır: “Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa, səmərəli alternativ bağlantı yaradır. Cənab İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafında enerji amilini önə çəkərək təkcə bu faktı vurğuladı ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır. Getdikcə qaz ixrac coğrafiyamız genişlənəcək. Yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Bununla paralel olaraq Azərbaycan Gürcüstanla birlikdə yaşıl enerji layihələrini də həyata keçirir. Bu gün yaşıl enerji bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür. Səfər çərçivəsində Orta Dəhliz layihəsi də müzakirə edildi. Ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Bu da böyük coğrafiyanı əhatə edən layihədir. Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.
“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıdı. Hansı sahəyə diqqət yetirsək əlaqələrin yüksək səviyyədə olduğunu görərik. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlətimizin başçısı İlham Əliyev ilə mətbuata birgə bəyanatında “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur” fikirlərinin davamı olaraq onu da qeyd etdi ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq. Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və bu münasibətlərə böyük əhəmiyyət veririk”,- deyə Malik Həsənov vurğulayıb.