PDF Oxu

Siyasət

  • 932

Azərbaycan və Gürcüstan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır

image

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri iki dövlət arasında münasibətlərin xarakterini göstərir. Bu dövlətlərin əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Mətbuata bəyanatlarla çıxış edən Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mühüm mesajlar səsləndirib.

Hər iki liderin mətbuat konfransında vurğuladığı kimi, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb. Bu ənənələr indi də yaşayır. Bu xüsusda iki qonşu ölkə arasında siyasi əlaqələr nümunə ola biləcək səviyyədədir. Eyni zamanda, ölkələrimiz arasında iqtisadi sahədə olan uğurlar da mətbuat konfransında qeyd edilib. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Bu amil Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi, o cümlədən mədəni əlaqələrin mahiyyətini göstərir. Sözsüz ki, iki ölkə arasında enerji sahəsində olan əməkdaşlığın xüsusi əhəmiyyəti var. Həmçinin, iki ölkə arasında birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir. Ötən il bu ixracın həcmi 25 milyard kubmetrə çatıb. Bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan tərəfindən təmin edilir.
Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumları koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycan ilə Gürcüstanla yanaşı, digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir. Hər iki ölkə burada Avropa ilə Asiya arasında vacib körpü rolundadır. Bu mənada Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrə mühüm əhəmiyyət verir. Dövlətimiz əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. Bu dövlətlər arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın mahiyətini təşkil edir. Təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nəaliyyətlər bunun bariz nümunəsidir.
Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyi müşahidə edilir və bu bütün sahələri əhatə edir. Həmçinin, iki dövlət arasında enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu ilə Şərq və Qərb arasında qısa səmərəli alternativ bağlantı yaranır. Bütün bunların fonunda Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında hər iki dövlətin strukturları arasında olan sıx təmaslar da mühüm rol oynayır.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər