Bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Azərbaycan dünya okeanlarına çıxışı olmayan bir ölkədir, strateji yerləşmə üstünlüklərindən və səmərəli nəqliyyat infrastrukturundan istifadə edərək, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mühüm məkanı kimi tanınır. Bu dəhlizlərin aşırma qabiliyyətinin artırılması üçün əlavə investisiyalar cəlb olunması, regional yükdaşımaların həcminin artması və ölkənin tranzit potensialının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Region üçün mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq səviyyədə tanınmış bir təşəbbüsdür. Bu layihə İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq gündəlikdə öz yerini tutaraq, regionda yeni reallıqların əsasını təşkil edir. Azərbaycanda bütün sahələrlə ilə yanaşı, nəqliyyatın infrastrukturuna, onun inkişaf dinamikasına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, bu gün respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır. Danılmaz faktdır ki, ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var.
Dövlətimizin başçısı İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə hər olunmuş müşavirədə Azərbaycanın artan tranzit imkanlarından geniş bəhs etdi. “Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik” söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb. Nəqliyyat məsələləri həmişə dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsi olub və bu gün də elədir. Hazırda əsas hədəf olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət yetirsək nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi diqqət göstərildiyini görərik. Bunu qısa zamanda görülən və görüləcək işlər də təsdiqləyir. Belə ki, 3400 kilometrə yaxın avtomobil yolu, hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb. Bununla bərabər, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir. Ölkəmiz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Ermənistanın dörd ildən çoxdur ki, qeyri-konstruktiv mövqeyi bu prosesin qarşısını alsa da, Azərbaycanın prinsipial mövqeyi və beynəlxalq hüquqa əsaslanan tələbləri bu dəhlizin reallaşmasını təmin edəcək.Ermənistanın “Sülh kəsişməsi” layihəsi kimi manipulyasiyalarına rəğmən, Azərbaycanın iştirakı olmadan bu cür təşəbbüslərin heç bir dəyəri yoxdur. Azərbaycan öz şərtlərini irəli sürərək, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Bu dəhliz yalnız Azərbaycanın iqtisadi potensialını artırmaqla kifayətlənməyəcək, həm də regionda iqtisadi inteqrasiyaya və əməkdaşlığa yeni imkanlar yaradacaq. Prezident İlham Əliyevin çıxışında vurğulanan digər vacib məqam Ermənistanın tranzit ölkəyə çevrilmək planlarının iflasa uğramasıdır. Bu gün Ermənistan iqtisadi və coğrafi cəhətdən dalan bir ölkə kimi qalır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat bağlantısını təmin etmək tələbi beynəlxalq hüquqa əsaslanır və bu prosesin qarşısını almaq Ermənistan üçün daha çox iqtisadi və siyasi itkilərlə nəticələnəcək. Zəngəzur dəhlizinin reallaşması regionun tranzit və logistika potensialını artıracaq, onun həyata keçirilməsi yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxaracaq. Eyni zamanda, bu dəhliz Azərbaycanın iqtisadi qüdrətini artıracaq, regional əməkdaşlığı və sabitliyi gücləndirəcək. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazın inkişafına deyil, həm də türk dünyasında ticarət, logistika və siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu layihənin həyata keçirilməsi bir sıra ölkələrin, o cümlədən, Türkiyənin, İranın, Rusiyanın və Ermənistanın da maraqlarına uyğundur.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri