Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyənin İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyəti 30-31 yanvar tarixlərində Bakıda işgüzar səfərdə olub. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.Bildirilib ki, Baş Prokurorluqda ikitərəfli görüş keçirilib. Görüş zamanı Kamran Əliyev dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, xüsusilə də prokurorluqlar arasında uğurla inkişaf etdiyini bildirməklə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıqdan bəhs edib.Akın Gürlek tarixən xalqların milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirərək bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə dəqiq ifadə edildiyini vurğulayıb.Görüşdə ikitərəfli və çoxtərəfli formatda birgə fəaliyyətin perspektivləri, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquqi əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olaraq, prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Həmçinin qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı şəhər prokurorluğunun fəaliyyəti ilə tanış olublar.Nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.