PDF Oxu

Siyasət

  • 577

Ulu Öndərin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir - ŞƏRH

image

Xalqımızın xoşbəxtliyi ondadır ki, Ümummilli Lider Heydər Əliyev və Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycanda xalq-iqtidar birliyi tam təmin olunub. Bəzi geosiyasi mərkəzlərin qaranlıq planları və dağıdıcı ssenarilərinin reallaşmasının qarşısı alınıb, Azərbaycan sabitlik adası və təhlükəsizlik məkanı kimi uğurlu inkişaf yoluna çıxıb. Belə bir şəraitdə Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etmək missiyasını uğurla yerinə yetirib, həmçinin respublikamızın ərazi bütövlüyünün təmin olunmasında öz üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə və şərəflə gəlib. Bu reallıq ölkə gəncliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə əzminin fonunda müasir, müstəqil Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinin və parlaq gələcəyinin əyani ifadəsidir.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırırdı. Heydər Əliyev qeyd edirdi ki, hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Ümummilli Lider gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırıb, demokratik inkişafı təmin etməklə gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmləndirib. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi müdrik dövlət xadiminin və Azərbaycan dövlətinin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz əyani göstəricisidir.

Azərbaycan Gənclərinin 1996-cı il fevralın 2-də keçirilən I Forumunda etdiyi tarixi çıxışında ümummilli lider Heydər Əliyev demişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”

Ümummilli liderimizin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra -1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin təməlində də Ulu Öndər Heydər Əliyevin siyasi irsi durur.

Bu gün Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti son 21 il ərzində Prezident İlham Əliyev tərəfindən daha geniş və əhatəli şəkildə davam etdirilir. Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi dəyərləndirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, 2007-ci ilin “Gənclər İli” elan edilməsi, bu istiqamətdə mühüm addımların atılması – çoxşaxəli tədbirlərin həyata keçirilməsi gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub, növbəti illər üçün zəngin təcrübə və ənənələr formalaşdırıb. 2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Gənclərin ictimai fəallığını artırmaq və dövlət idarəetməsinə inteqrasiyasını təmin etmək məqsədilə könüllülük hərəkatı qısa müddətdə geniş vüsət almışdır. Bununla yanaşı, 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Azərbaycan gənclərinin müxtəlif sahələrdə uğurla fəaliyyət göstərərək yeni nailiyyətlər qazanmasına stimul və dayanıqlı zəmin yaradıb. Digər tərəfdən, dövlət başçısı ötən müddət ərzində gənclər siyasətinin təkmilləşməsinə, bu sahədə təşkilati-hüquqi əsasların möhkəmlənməsinə, bütövlükdə, Azərbaycan gəncliyinin inkişafına xidmət edən çox mühüm qərarlar verib, fərman və sərəncamlar imzalayıb Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Xüsusi olaraq qeyd edilməlidir ki, 2003-cü ildən bəri ölkəmizdə uğurla həyata keçirilən Gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında gənclərimiz şanlı zəfərlərin əldə olunmasında mühüm rol oynadı. Məhz onların igidliyi və fədakarlığı sayəsində əldə olunan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Vətən müharibəsində Qalib Sərkərdə, Prezident İlham Əliyevin qürurla dediyi "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik", "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" kimi fikirləri döyüşçülərin qələbə ruhunun manifestinə döndü, ictimaiyyət Azərbaycan gənclərinin qazandığı ilkin qələbələri tam qələbənin zəmanəti bildi. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu qələbə işğalın sonunun ərəfəsi kimi yaşanıldı. Xarici hərbi ekspertlər də Şuşanın işğaldan azad edilməsini heyrətlə qarşıladı; kimisinin heyrəti paxıllıq, gözəgötürməzlik, kimisinin heyrəti Azərbaycan Ordusuna ehtiram, rəğbət idi. Bu ehtiram, bu rəğbət Azərbaycan gənclərinə olan ehtiramdı, rəğbətdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini də vurğuladı, qələbəni qazananlara Vətən adından təşəkkürünü də bildirdi. Dünyanın heç bir yerində dövlət başçısının təşəkkürü Vətənin təşəkkürü kimi səslənmir. Bu səsləniş dövlətə, dövlətçiliyə sədaqətin səviyyəsiylə bağlıdır.

Ölkə başçısı Şuşada dedi: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi". Sərkərdənin döyüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını ali səviyyədə tamamladı. Ordu gəncləri ilə Azərbaycan gəncləri də qürurlanır. Qürurlanır və onlara xitabən əminliklə deyir ki, sizin işğaldan azad etdiyiniz ərazilərdə biz də sizin dövlətçiliyə sədaqətiniz səviyyəsində iştirak edəcəyik! 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbəyə görə Azərbaycan gəncləri Azərbaycan Ordusuyla hansı səviyyədə qürurlanırsa, Azərbaycan Ordusunun şəxsi heyəti də bu niyyətinə görə Azərbaycan gəncləri ilə həmin səviyyədə qürurlanır...

Eyni zamanda, xüsui olaraq onu da vurğulamaq istərdim ki, 2024-cü il Azərbaycanda gənclərin inkişafı, sosial fəallığı və beynəlxalq platformalarda təmsilçiliyi baxımından dinamik və məhsuldar bir il olub. Belə ki, ötən il noyabrın 11-22-də Bakıda keçirilən BMT-nin COP29 konfrans çərçivəsində Yaşıl zonada fəaliyyət göstərən “Gənclər Evi” pavilyonu xüsusi əhəmiyyət daşıyıb. Burada davamlılıq və iqlim liderliyi mövzularında seminarlar, vörkşoplar və panel müzakirələri daxil olmaqla ümumilikdə 27 tədbir təşkil edilib. Gənclərin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaq məqsədilə təşkil edilən pavilyon 7000 nəfər tərəfindən ziyarət olunub. Ümumilikdə, Azərbaycan gənclərinin beynəlxalq platformalarda fəal iştirakı və ölkəmizin qlobal miqyasda tanıdılması baxımından da mühüm il olub.

Bir sözlə, 2 fevral Gənclər Günüdür. Həm də gənclərin gücünün, qüdrətinin, qələbələrinin davamçısı olacaq çağırışçıların, yeniyetmələrin, bu baxımdan bütün cəmiyyətin ovqatını bayraqlaşdıran gündür... Azərbaycanda gənclər siyasəti inamının, güvəncinin siyasətidir. Və bu uğurlu gənclər siyasəti gələcəyimizin təməlini yaratmaqla öz layiqli gəncləri ilə fəxr edir. Əminliklə söyləmək olar ki, bundan sonra da Azərbaycan gəncliyi qalib və güclü dövlətin vətəndaşları kimi qüdrətli Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər qazanacaq, öz üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, müstəqil dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəklər!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər