PDF Oxu

Siyasət

  • 434

Dünya musiqisinin qızıl fondunda Üzeyir Hacıbəyli dühası

image

Dövlət başçısının Sərəncamına əsasən, böyük musiqişünas-alimin 140 illiyi qeyd ediləcək

Azərbaycan mədəniyyət və incəsənətinin dünya irsi arasında öz yerinin, çəkisinin olması milli-mənəvi dəyərlərimizin məxsusiliyi, fərdi insanların yaradıcılıq imkanlarının genişliyi və manevr etmək cəhdləri, eləcə də, humanimzm prinsipləri əsasında yazıb-yaratmaq istedadı ilə bağlıdır. Yaranan hər bir nümunədə Azərbaycanın dövlətçilik prinsipləri, onun coğrafiyası, tarixi, ruhu və s. əsas xətt olaraq təqdim olunur. Burada hər ideya tariximizin bir parçası, yaşanılan illərin əks-sədasıdır, desək, fikrimizdə yanılmarıq. Neçə əsrlik tariximiz, daş kitabələr vasitəsilə bizlərə əxz olunmaqdadır. Azərbaycan milli-mənəvi dəyərləri ilə bütün Avropa, şərq ölkələrini təəccübləndirdiyi və riqqətə gətirdiyi bir zamanda dövlət tərəfindən buna diqqət daha da artırılmaqdadır. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını, məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, dünyaya töhfələr verən bir abidəsi olduğunu sübut edir. Təbii ki, bu abdiələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Belə bir xəzinə hər zaman olduğu kimi bu gün də dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə öz təqdiqini bir daha tapır. Cəmiyyətin inkişafına stimul verən mədəniyyətin, incəsənətin inkişafına dövlətimizin himayəsi son illər həyata keçirilən mədəniyyət siyasətində daha parlaq şəkildə öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafına, klassik və müasir yaradıcı şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, onların yaradıcılıq irsinin bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Dövlət başçımızın mədəniyyətimizin aparıcı sahəsi olan mədəniyyətə - ədəbiyyata, musiqiyə, bütövlükdə, söz və musiqi sənətinə yüksək qayğı və məhəbbəti milli-mənəvi dəyərlərimizə olan diqqətin nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin "Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncama imza atması milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə dövlət tərəfindən göstərilən diqqətin ifadəsidir. Azərbaycan mədəniyyətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir musiqi tariximizin parlaq səhifələrini təşkil edən dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin yaradıcılıq fəaliyyəti nəzərə alınaraq belə Sərəncam imzalanıb. Bildiyimiz kimi, 2025-ci ilin sentyabr ayında böyük sənətkarın anadan olmasının 140 ili tamam olur.

Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. Sərəncamda qeyd olunduğu kimi, o, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir. Belə bir sənətkarın - Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr vermiş qüdrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünün layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirəcəkdir.

ŞUŞANIN ZƏNGİN MUSİQİ-İFAÇILIQ ƏNƏNƏLƏRİ

Üzeyir Hacıbəyli sənət və həyat yolunun məsafəsində bu ömrün maraqlı məqamlarına yazmağa nail olmuşdur. Kənd mirzəsi ailəsində doğulmuş sənətkarın daim sənətə doğru olan addımları onun dünya şöhrətli bir sənətkar kimi yetişməsinə səbəb olmuşdur. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O,1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Bu, bəstəkarın dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.

Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir. Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.

"ARŞIN MAL ALAN", "O OLMASIN, BU OLSUN" VƏ BAŞQA OPERETTALARI - MUSİQİ VASİTƏSİLƏ İSTƏDİYİ FİKİRLƏRİ İNSANLARA ÇATDIRMAQLA XALQIMIZIN MƏNƏVİ VƏ MƏDƏNİ İNKİŞAFINDA NƏ QƏDƏR BÖYÜK XİDMƏTLƏR GÖSTƏRİBDİR"

Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyli operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla" muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyli muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Əgər nəzərə alsaq ki, əsrimizin əvvəlində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da çox az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin, Üzeyir Hacıbəyov öz operası vasitəsilə Məhəmməd Füzulinin sözlərini, "Arşın mal alan", "O olmasın, bu olsun" və başqa operettaları - musiqi vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir."

Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır. Hacıbəyli 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir.

1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyli burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.

"AZƏRBAYCANDA, BAKIDA MƏDƏNİYYƏT XADİMLƏRİNDƏN İLK DƏFƏ ÜZEYİR HACIBƏYOVUN YAŞADIĞI EV ONUN EV-MUZEYİNƏ ÇEVRİLDİ"

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.

Xatırladaq ki, 1975-ci ildə Bakıda Üzeyir bəyin yaşadığı evi muzeyə çevrildi. Bu barədə Heydər Əliyev 1995-ci ilin sentyabrında dahi sənətkar Üzeyir bəy Hacıbəylinin anadan olma¬sının 110 illik yubileyindəki məruzəsində belə demişdir: "1975-ci ildə biz Üzeyir Hacıbəyovun 90 illik yubileyini hazırladıq, təntənə ilə həm Azərbaycanda, o vaxt imkan dairəsin¬də Sovet İttifaqının həm paytaxtında, başqa respublikalarda, dünyada qeyd edə bildik. Azərbaycanda, Bakıda mə¬dəniyyət xadimlərindən ilk dəfə Üzeyir Hacıbəyovun yaşadığı ev onun ev-mu¬zeyinə çevrildi. 1975-ci ildə, 20 il bundan əvvəl Üze¬yir Hacıbəyovun ev-muzeyi açıldı. Biz hamımız çox məmnunuq ki, bu ev-mu¬zeyi 20 ildir Azərbaycan xalqının, mə¬dəniyyətinin inkişafına, yüksəlməsinə xidmət edir".

ŞUŞADAKI EV-MUZEYİNDƏ 1700 EKSPONATDAN YALNIZ 136-SINI QORUMAQ MÜMKÜN OLUB

Bu gün də Üzeyir ruhuna, dünyasına məhəbbət sonsuzdur. Şuşa işğaldan azad edildikdən sonra digər mədəniyyət abidələr kimi, dünyaşöhrətli bəstəkarın da muzeyi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olundu. Qeyd edək ki, Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-nı qorumaq mümkün olmuşdu. Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur. Mədəniyyət ocağının birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, məlumat və digər müxtəlif eksponatlar yer alıb. Ev-muzeyində Üzeyir Hacıbəylinin səhnələşdirilən əsərlərindəki obrazlar üçün çəkilən eskizlər, əsərlərinin proqram və afişalarının kollajından ibarət divar da dizayn edilib. Həmin bölmədə bəstəkarın həyatı, fəaliyyəti, onun əsərləri əsasında lentə alınan filmlərdən kadrlar nümayiş olunur.

2021-ci il sentyabrın 18-də uzun illərdən sonra ilk dəfə Üzeyir Musiqi Günü çərçivəsində Şuşada görkəmli bəstəkara həsr olunmuş növbəti Beynəlxalq Musiqi Festivalının konserti keçirildi.

Hacıbəyli həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il dahi bəstəkarın doğum günü ölkəmizdə musiqi bayramı kimi qeyd olunur. Bu münasibətlə konsertlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur. Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkar illər, əsrlər ötsə də belə xalqın yaddaşında, sənət dünyamızda yaratdığı mükəmməl əsərləri ilə yaşayır və yaşayacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər