PDF Oxu

Siyasət

  • 414

Qara Qarayevin musiqi palitrası

image

Dünya klassikasının ən nadir inciləri sırasında yer alan Azərbaycan milli musiqi sənəti, müasir dövrümüzdə geniş bir miqyasda təqdim olunaraq, ən nüfuzlu məkanlarda səsləndirilir. Bu musiqinin parlaq, orijinal bir şəkildə müxtəlif ölkələrə, xalqlara təqdiminin arxasında bu sənətin nəfis nümunələrini yaratmış sənətkarlar dayanır. O sənətkarlar ki, dünya musiqisində orijinallığı ilə nəfis əsərlərini təqdim edə bilmiş və illərin sınağından keçən əsərləri milli zəmində dünyaya çıxara bilmişdir. Dünyaya yol açan Azərbaycan musiqisinin tarixi yüzillikləri əhatə etmiş olsa da, bir həqiqəti etiraf edək ki, XXI əsrdə bu musiqi professional tərzdə dünya musiqiçilərinin diqqətinə çatdırılır. Sənət tariximizin Sultan Hacıbəyov, Rauf Hacıyev, Zülfüqar Hacıbəyli, Səid Rüstəmov, Fikrət Əmirov kimi bəstəkarların sırasında Qara Qarayevin rolu və mövqeyi müstəsnadır.

Akademik səviyyədə yazıb-yaradan Qara Qarayev klassik musiqi janrının, demək olar ki, hər növündə nəhəng musiqi nömrələri yaratmış və onun geniş həcmli əsərləri dünya səhnələrində çox böyük müvəffəqiyyətlə ifa edilmiş, oynanılmışdır. Fevralın 5-i Azərbaycan klassik sənətinə yeni rəng, çalar, baxış və nəfəs gətirən Qara Qarayevin doğum günüdür. Böyük bəstəkarın sənət qalareyasında yer almış hər bir nümunə, onun yaradıcılıq irsi ilə bağlı təəssüratların yaranmasına səbəb olur. Zamanla üz-üzə dayanan və musiqinin ahəngində zamanın yükünü, rəng çalarlarını ifadə etməyi bacaran Qara Qarayev böyük sənətkarlardan dərs aldığından, təbii ki, belə bir nəfis nümunələrin müəllifinə çevrilməli idi. XX əsr Azərbaycan balet janrının, simfonik və kamera əsərlərinin və digər nümunələrin bəstəkarına çevrilən Qara Qarayev, bir ömrün cığırında neçə-neçə ömürlər yaşayacaq həyatını yaşadı. Onun "Leyli və Məcnun" simfonik poeması, "İldırımlı yollarla", "Yeddi gözəl" baletləri, "Don Kixot" simfonik qravürləri, skripka ilə simfonik orkestr üçün konserti və digər əsərləri yaradıcılığında mühüm rol oynayır. Bu və ya digər əsərlərində onun fəlsəfi dünyagörüşü, həyatla bağlı düşüncələri özünü büruzə verir.

YAŞIDLARINDAN TEZ BİR ZAMANDA SEÇİLDİ

Qeyd edim ki, Qara Qarayev hələ Azərbaycan Dövlət Konservatoriyasında tələbə olarkən, akademik səviyyədə olan əsərlər yaratmağa başlamışdı. Burada ali təhsilə yiyələnən Qara Qarayev musiqi təhsilini artırmaq məqsədilə P.Çaykoski adına Moskva Dövlət Konservatoriyasına daxil olur və Cövdət Hacıyevlə birlikdə "Ayna" operasını bəstələyir. Bu uğurlu müştərək fəaliyyətin nəticəsi olaraq hər iki bəstəkarın yaradıcılıq məhsulu olan "Vətən" operası yaradılır.

1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar Qara Qarayev "Leyli və Məcnun" simfonik poemasını yazır. Əsər ilk dəfə olaraq şairin yubiley gecəsinin açılış mərasimində səsləndirilir. Çox keçmir ki, simfonik poema dünya ölkələrinə yol açır. Poema Çexoslovakiyada, ABŞ-da, Rumıniyada bu və ya digər ölkələrin konsert salonlarında səsləndirilir. Bu əsərdən ruh alan bəstəkar, 1949-cu ildə "Yeddi gözəl" simfonik süitasını yazır. Əsərin ilk tamaşası 1953-cü ildə Leninqrad Malı Dövlət Opera və Balet Teatrının səhnəsində uğurla oynanılır. On il ardıcıl olaraq balet Qahirə tamaşaçılarına təqdim edilir. Bəstəkara böyük şöhrət qazandıran əsərlər sırasında "İldırımlı yollarla" baletini xüsusi qeyd etmək lazımdır. Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanı əsasında yazılmış baletin əks-sədası illər ötsə də, səngiməmişdir. Qara Qarayev yaradıcılığındakı millilik, xəlqilik onun əsərlərinin belə bir səviyyədə ifasına şöhrət qazanmasına səbəb olmuşdur.

ZƏNGİN DÜNYAGÖRÜŞÜNƏ MALİK ZİYALI

Qeyd edək ki, o, 1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləmişdir. 1943-cü ildə birinci simfoniyanı yazmışdır. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. 1946-cı ildə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir. Şostakoviçlə Qarayevin ömürlük dostluğu həm zövq, həm yaradıcılıq durumu, həm də həyata baxışları baxımından yaxınlıqlarının sonucu kimi açıqlanırdı. Bütün bunlar Qara Qarayevin tələbəlik illərindəki yaradıcılığında həm kəmiyyət, həm də keyfiyyət göstəriləri ilə özünü aşkarlayırdı. 1946-cı ildə ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləmişdir. 1946-cı ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olmuşdur. Həmin ildə Ümumittifaq Sovet Bəstəkarlatının I qurultayının nümayəndəsi, 1949-cu ildə isə Üzeyir Hacıbəyli adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri seçilmişdir.

Tərcümeyi-halında o da qeyd olunur ki, Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. 1952-ci ildə Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilmişdir. Həmin ildə Sovet mədəniyyət və incəsənəti nümayəndə heyətinin tərkibində Alban Xalq Respublikasında olmuşdur. 1953-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir. Həmin ildə Ümumittifaq Sülh həmrəyliyi tərəfdarlarının IV konferensiyasının nümayəndəsi seçilmişdir və Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur. O, 1954-cü ildən 1982-ci ilə qədər SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur. 1955-ci ildən 1976-cı ilə qədər IV–IX çağırış SSRİ Ali Sovetlərinin deputatı, 1956-cı ildən 1973-cü ilə qədər isə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmişdir. 1956-cı ildə Azərbaycan Bəstəkarlarının I qurultayına nümayəndə seçilmiş, 1957-ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü olmuşdur. Belə zəngin bir yola sahib olan bəstəkar ömrü yüksəklikdə dayanır.

İstedadlı bəstəkar Azərbaycan muğam və aşıq sənəti yaradıcılığından bəhrələnərək əsərlərində onların melodiyasına söykənmiş, müəyyən yerlərdə bu detallardan istifadə etmişdir. Belə ki, onun üçüncü simfoniyası "Segah" muğamının intonasiyası ilə bitir. Digər əsəri - "Yeddi gözəl" baleti isə "Cahargah" muğamının intonasiyası üzərində qurulmuşdur. Qara Qarayevin Azərbaycan muğamlarından yetərincə istifadə etməsi, onun akademik səviyyədə əsərlər yazmasında müəyyən dərəcədə rol oynamış və illər ötdükcə daha möhtəşəm tərzdə qarşılanmışdır. Qara Qarayev İran, Türkiyə, İspaniya, Almaniya, Afrika xalqları ədəbiyyatı və dramaturgiyası ilə bağlı əsərlər də yaratmışdır. Onun üçün bu və ya digər xalqın ədəbiyyatı əsasında əsərlər yaratmaq yaradıcılığında orijinal üsluba yiyələnmək demək idi.

Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünyagörüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi. O, dünya musiqi elminin son nailiyyətlərini böyük dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə də ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur. Alimin sırf musiqi elminə, nəzəriyyəsinə, estetikaya aid xüsusi tədqiqatı olmasa da, onun zəngin elmi-publisistik irsi, qırx il ərzində yazdığı çoxlu məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri - millilik, beynəlmiləlçilik, ənənə, novatorluq, musiqidə faciə və s. haqqında fikirləri, düşüncələri, görüşləri, elmi müddəaları, ona böyük mütəfəkkir alim kimi Azərbaycan musiqi elmində möhkəm və şərəfli yer tutmasına haqq qazandırıb.

Qara Qarayev bəstəkarlıq fəaliyyəti ilə yanaşı, pedaqoq kimi də çalışmış, uzun illər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına müəllimlik etmişdir. Onun məktəbinin yetirmələri olan Rauf Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Musa Mirzəyev, Fərəc Qarayev, Emin Sabitoğlu, Sevda İbrahimova və onlarla belə bəstəkarlar Qara Qarayev ənənəsini davam etdirərək, Azərbaycan bəstəkarlıq sənətində öz repertuarlarını nümayiş etdirə bilmişlər. Bu gün də onların əsərləri böyük təntənə ilə qarşılanır. Qara Qarayev sənətinin böyüklüyü, yaratdığı əsərlərlə, eləcə də, yetişdirdiyi sənətkarlarla ölçülür və xatırlanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər