"Təəssüf ki, iki il bundan öncə Türkiyənin Kahramanmaraş vilayətində baş verən məlum zəlzələdə 50 mindən çox insan həyatını itirdi". Bu sözləri SİA-ya açıqlamasında türk xarici siyasət analitiki Aydın Sezer deyib.Bu, Türkiyənin indiyə qədər yaşadığı ən böyük fəlakətlərdən biri idi: "Təəssüf ki, Türkiyə rəsmiləri zəlzələyə çox gec reaksiya verdilər. Onlar maddi və ərzaq yardımını gecikdirdilər. Mobil telefon operatorları da işləmirdi. Əslində hökumət bəzən sosial medianı bloklamaq üçün mobil operatorların fəaliyyətinə qadağa qoydu. Bir sözlə, zəlzələ fəlakətinin üzərindən insanlara kömək etməkdə də fəlakət yaşandı.Bildiyiniz kimi, Türkiyədə təbii fəlakətlərə dərhal müdaxilə edə biləcək dırnaqarası Fövqəladə Hallar Nazirliyi belə yoxdur. Belə bir mühitdə dünyanın hər yerindən Türkiyəyə yardımlar gəlməyə başladı. İstisnasız olaraq hər bir ölkə köməyə tələsdi. Belə bir mühitdə Bakıda zəlzələdən xilas olmaq üçün təşkil olunmuş təşkilatçılıq və evdən gətirdikləri əşyaları xüsusi hazırlanmış TIR-lara (yük maşınlarına) yığmağa çalışan insanların sağa-sola qaçmasına televizordan baxanda iki qardaş xalq arasında münasibətlərin, hisslərin nə qədər dərin olduğunun şahidi olursan. Mən heç Azərbaycan dövlətinin verdiyi yardımı demirəm, xalqın özünün səfərbər olmasından danışıram. Xalqın necə səfərbər olduğunu, can yandırdığını televizordan və sosial şəbəkələrdən izlədik".
Müəllif: Söylü Ağazadə