PDF Oxu

Siyasət

  • 1 012

USAİD üçün son, Ermənistan üçün isə TƏKNƏDƏN MƏHRUMİYYƏT – TƏHLİL

image

Cənubi Qafqazın bir ölkəsi olan Gürcüstanda keçirilən seçkilərə USAİD tərəfindən külli miqdarda vəsait sərf olunduğu, daha doğrusu, korrupsiya yolu ilə ötürüldüyü və xərcləndiyi barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sosial şəbəkədəki paylaşımı həmin təşkilatın region ölkələrinin işlərinə müdaxilə etməsini, qarışıqlıq yaratmaq niyyətini təsdiq edən daha bir faktdır. Gürcüstanda müntəzəm olaraq seçkiləri pozmağa çalışan təşkilatlara on milyonlarla dolların necə ayrıldığı barədə cavab tələb edən sualın həmin ölkə parlamentinin spikeri tərəfindən haqlı olaraq verilməsi də USAİD adlı sonu çatmış təşkilatın Cənubi Qafqazda çirkin niyyətinin olduğunu, eləcə də “qaranlıq” maliyyə resursları ilə bağlı “narahatlığı” təsdiq edir. Məsələ burasındadır ki, artıq sonu çatmış həmin təşkilatın Ermənistana da belə vəsaitlər ayırdığı, özü də daha çox miqdarda ayırdığı bəllidir, lakin hayları həmin vəsaitlərin necə ayrıldığı deyil, bundan sonra ayrılmayacağı daha çox narahat edir, çünki gözünü yardımlara, iyanələrə dikənlər artıq başa düşürlər ki, “donorları” yoxa çıxır və bu da onlar üçün təknədən məhrumiyyət deməkdir.

Maliyyə resursu mənbəyi kimi baxılan təknədən məhrum olanların artıq güvəni də qalmayıb

Bir çox ölkələrdə qarışıqlıq, xaos yaratmaq, etiraz dalğasını qızışdırmaq, dövlət çevrilişi ssenarisini işə salmaq kimi məhz USAİD adlı təşkilatın planları təkcə Gürcüstana aid olmayıb. ABŞ məhz USAİD vasitəsilə hələ düz on il bundan əvvəl 2014-cü ildə Ukraynadakı Maydanı da “maliyyələşdirib” və bütün çirkin planların da “başında” dayanıb. Diqqətə çatdıraq ki, bunu hətta ABŞ-ın səhiyyə naziri vəzifəsinə namizəd olan Robert Kennedi məhz Taker Karlsona müsahibəsində açıq-aydın şəkildə deyib. O, həmçinin USAID-i “Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) cəbhəsi” adlandırıb. Onun sözlərinə görə, MKİ 1947-ci ildən 1997-ci ilə qədər 83 hökuməti devirib, hansı ki, onların əksəriyyəti demokratik olub. Kennedi açıq şəkildə bildirib və hətta etiraf da edib ki, həmin vaxtdan bu günə qədər MKİ-nin bu cür fəaliyyəti, o cümlədən USAİD-in pərdəsi altında olan statistikalar heç də azalmayıb, əksinə, yalnız artıb. Sözsüz ki, həmin təşkilatın “statistikasında” Ermənistan da “özünəməxsus” yer tutur. Çünki həmin ölkədə baş verənlərin, ələlxüsus da küçə nümayişlərinin, etiraz aksiyalarının, nümayişlərin, həmçinin, bir neçə il bundan əvvəl, 2018-ci ildə baş verənlərin, əsl adı ilə desək, Nikol Paşinyanı hakimiyyət kürsüsünə “daşımaq” planının məqsədi olan dövlət çevrilişlərinin arxasında dayanan, dəstəkləyən qurumlardan birinin, hətta birincisinin də məhz USAİD olduğu bəllidir.Bəli, sözsüz ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan nəinki hakimiyyətdən getməyə, ümumiyyətlə, erməni tarixinin zibil qutusuna atılmağa layiq idi. Ötən əsrin sonlarında, daha dəqiq desək, 20-ci əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti sayəsində torpaqlarımız talan edildiyi, zəbt edildiyi zaman azərbaycanlılara qarşı bəşəri cinayətlər törədən, ələlxüsus da qətllərdə yaxından iştirak edən, hətta bəzilərinə rəhbərlik edən, Xocalı soyqırımını törətdiyi ilə həyasızcasına öyünən Serj öz layiqli cavabını aldı da. O, təhqir olunmuş şəkildə qovuldu və qeyd etdiyimiz kimi, belə bir “layiqli” sonluqla da tarixin zibilliyinə atıldı. Atılmalı idi də, amma hansısa “iblisin” planları ilə yox, erməni xalqının öz istəyi və iradəsi ilə atılmalı idi. Məsələ burasındadır ki, bütün dünyada “Şər iblisi” adını “qazanan” Soros kimi iblisin, Soros Fondunun, USAİD-in maliyyəsi ilə atıldısa, deməli, hələ də erməni cəmiyyətində onların “bamağı” var. Daha dəqiq desək, Paşinyan kimi marionet məhz həmin o “barmağın” hökmü altında olan “qaranlıq” maliyyə resurlarına güvənib və arxalanıb. Amma indi bu “arxadan” da əli və ümidləri üzülüb, çünki maliyyə resursu mənbəyi kimi baxdığı təknədən də məhrum olmaqdadır və artıq güvəni də qalmayıb.
Ermənistan üçün “donor” olan bir qurumun sonu elə erməni cəmiyyəti üçün böyük məhrumiyyətdir
USAİD ilə bağlı ABŞ prezidentinin “qərarının” məhz “qeyri-müəyyən” olmasını qeyd edən və hələ də həmin qurumun mövcudluğunu davam etdirməsini arzulayan və buna ümid edən Ermənistan hökumətinin ruporu sayılan Paşinyanın “Baqramyan 26” Teleqram kanalı mövcud reallığı nə qəbul etmək, nə də reallıqla barışmaq istəmir. Bunun da səbəbləri əlbəttə ki, bəllidir. Bəlli olan odur ki, Ermənistan hələ də öz təknəsi ilə bağlı ümidlərindən belə əl çəkmək istəmir, nəinki onun maliyyəsindən və iyanələrdən. Çünki erməni cəmiyyəti çox yaxşı bilir ki, Ermənistan üçün donor olan bir qurumun sonu elə erməni cəmiyyəti üçün bir məhrumiyyətdir. Hər halda, Ermənistan hökumətinin ruporu sayılan Paşinyanın sözügedən kanalı da müvafiq xatırlamalar etməklə, deyilənləri təsdiqləyir.“Biz yadda saxlamalıyıq ki, tariximizin müxtəlif mərhələlərində, xüsusən də ətrafdakı hər şeyin qaranlığa qərq olduğu kimi görünən illərdə həlledici rol oynayan Amerikanın yardımı olub”, xatırlatmasını Baqramyan 26 Teleqram kanalı edib. Yeri gəlmişkən, bu, çox böyük bir etirafdır, amma yaxşı olardı ki, Paşinyanın hakimiyyətə gəlməsinin də “Amerika yardımı” sayəsində mümkün olduğu beləcə etiraf olunardı. Lakin etiraf olunsa da, olunmasa da görünən kəndə bələdçi lazım olmadığı kimi, İrəvanın küçə və meydanlarında səsi tutulana qədər bağıran küçə nümayişçisi Vovayeviçin hansı vasitələrlə, hansı ssenari ilə, hansı vəsaitlərlə, hansı qüvvələrin əli ilə “oynadıldığı” onsuz da bəllidir. Əslində, əli sarıqlı və beli çantalı küçə nümayişçisini hakimiyyət kürsüsünə oturdanların “kimlər” olduğu, maliyyə resurslarının da məhz Soros Fondu və USAİD kimi qurumlardan göndərildiyi hamı kimi, ermənilərin özlərinə də bəllidir. Ona görə də bəlli olanların fonunda bu vaxta qədər olan iyanələr, yardımlar həmin cəmiyyət üçün onsuz da ifşaedici bir məqam sayılır. Lakin bundan sonra hansı maliyyəyə ümid edə biləcəkləri özləri üçün də müəmmalıdır, çünki hansı məhrumiyyətin olduğunu özləri də dərk edirlər, əks halda, buna “inanmamaq” kimi istəklərini ortaya qoymazdılar.
İyanələrin “burunlarından gəldiyinə” baxmayaraq, dilənçi payına şirniklənənlər məhrumiyyətə inanmaq istəmirlər
Haylar özləri hamıdan yaxşı bilirlər ki, haqqında qeyd olunan həmin o “qaranlıq” mənbələrdən alınan vəsaitlər, pullar hesabına məhv olub “tarixin keçmiş səhifələrində” qalmaqdan canlarını qurtara biliblər. Elə məhz işğalçı ölkə hökumətinin ruporu sayılan nəşr də hayların bu qənaətini bilir və qeyd olunanlar da təsadüfi sayıla bilməz. “1990-cı illərdə İrəvanın xaraba küçələri arasında çoxları ilk dəfə qida və kerosin qutularının üzərində “xilas rəmzi” olan USAID loqosunu gördü. “Amerika xalqından”, eləcə də “satış və ya ticarət üçün deyil” sözləri canlı sübut oldu ki, ən çətin anlarda Ermənistan dəstəkləndi və bu dəstək ermənilərə sağ qalmaq imkanı verdi”, fikirləri ilə “Baqramyan 26” Teleqram kanalı haylar üçün bir növ soyuq duş effekti yaratmağa çalışır ki, hal-hazırda USAİD ilə bağlı “məsələnin nə yerdə olduğu” erməni cəmiyyətinə daha yaxşı bəlli olsun.İlk növbədə onu diqqətə çatdıraq ki, sözügedən teleqram kanalın dəstəklə bağlı qeyd etdiləri həqiqətən də bir reallıqdır və həqiqətən də ötən əsrin sonlarında, 20-ci əsrin 90-cı illərində aclıq, səfalət və rəzalət içərisində olan bir xalqa, erməni xalqına USAİD yetərincə iyanələr ayırıb. Həqiqətən də Ermənistan məhz həmin təşkilatdan imkan tapdıqca “dilənib” və dilənçicəsinə də vəsaitlər əldə edib. “Şər iblisi” kimi birinin timsalında məhz “şər yuvasının” sayını artırmağa çalışanlar da Ermənistanın bu “dilənçiliyindən” məharətlə istifadə ediblər. Onlar “şər toxumu” səpmək üçün iyanələrini “işə salıb” və ilk növbədə, Ermənistana soxularaq, regiona müdaxilə etmək üçün özlərinə “münbit şərait” yaratmaqda maraqlı olublar. Görünür, “şər toxumu” da səpə biliblər və maliyyə vəsaitləri ayırmaqla, iyanələr etməklə, dilənçi payı verməklə, Ermənistanı əllərində saxlayıb, onu idarə edib, istədiklərini diqtə ediblər və əsrin üçdə birinə yaxın müddət ərzində işğalçılıqdan əl çəkmək istəməyən haylar sonda onların bu “şərinin” də alətinə, sonra da qurbanına çevriliblər. Məhz alət olan hayların 44 günlük müharibə dönəmində aldıqları iyanələrin “burunlarından gəldiyinə” baxmayaraq, hələ də həmin dilənçi payına şirniklənmiş kimi görünürlər. Amma necə görünsələr də, nə qədər inanmaq istəməsələr də, nə qədər mənasız ümidlər bəsləsələr də haylar artıq həmin təknədən məhrum olublar.
USAİD adında təşkilatın bağlanılması xəbəri Ermənistan üçün kədərli, hətta fəlakətli xəbər sayılır...
Məsələ burasındadır ki, haylar hər zaman şirnikləndirilməklə, yeni-yeni təxribatlara sövq ediliblər. Daha dəqiq desək, hər dəfə maliyyə vəsaitləri, iyanələr alan haylar dəstəkdən ruhlanaraq təxribatlara, terrora əl atmaqda davam ediblər. İşğalçılığa, özlərinə mənsub olmayan əraziləri zəbt etməyə, başqalarına aid olan dəyərləri özününküləşdirməyə meyilli olan haylar hələ də başa düşə bilmirlər ki, bir çox “qaranlıq” mənbələrdən alınan “çirkli maliyyə vəsaitləri” onları təxribatlara, terrora, müharibəyə sürükləyib. Ayrılan iyanələrin, yardımların hansı fəlakətlərə səbəb olmasına baxmayaraq, həmin maliyyə vəsaitlərini əldə etməyə şirnikləniblər və ona görə də təknədən məhrum olduqlarını xəyallaranda belə qəbul etmək istəmirlər. Belə görünür ki, dövlətlərin işinə müdaxilə etmək, bir çox ölkələrdə qarışıqlıq yaratmaq, dövlət çevrilişləri etmək üçün maliyyə vəsaitləri ayıran USAİD adında təşkilatın bağlanması xəbəri Azərbaycan və Gürcüstan üçün məntiqi olaraq, tamamilə nikbinliklə qarşılanmasına baxmayaraq, Ermənistan üçün böyük kədərə səbəb olub, hətta fəlakətli xəbər kimi belə qəbul olunur.Sirr deyil ki, maliyyə dəstəyi göstərənləri, iyanələr ayıranları, dilənçi payı kimi də olsa, pul vəsaitləri göndərənləri Ermənistanda həmişə seviblər. Qarşılarına hansı planın, hansı ssenarinin qoyulmasından asılı olmayaraq, “gördükləri işə”, daha dəqiq desək, “tapşırıqlarının yerinə yetirilməsinə” görə səxavətlə “ödəniş” edənləri haylar xoşlayırlar. Bir zamanlar onları, yəni hayları Cənubi Qafqaza yerləşdirən, mövcudluqlarını belə təmin edən, maliyyələşdirən, arxasında da dayanan Rusiya “ən sevimli” dövlət, kölgələrinə sığındıqları ruslar da “ən yaxın” dost, hətta “böyük qardaş” hesab olunurdu və bütün bunlara görə “sadiq nökər” kimi “qulluqlarında” idilər. Təsadüfi deyil ki, bir qədər əvvəl bütün dünya Ermənistanı məhz “Rusiyanın Qafqazdakı forpostu” kimi tanıyırdı. İndi isə həmin dəstəyi, yardımları, iyanələri, dilənçi payını Rusiyadan ala bilməyən Ermənistan sadalananları artıq kimdən alırsa, onun da forpostu olmağa hazırdı. Daha dəqiq desək, kim pul verirsə, haylar üçün musiqini də o sifariş edir və onlar da həmin musiqiyə məmuniyyətlə oynamalı olurlar. Belə çıxır ki, dəyişən ancaq “ağaları” və “maliyyə mənbələri” sayılır, hansıki məhz elə buna görə onların kürklərinə birə düşüb. Ona görə kürklərinə birə düşüb ki, indi də dəyişən həmin o ağaları da, maliyyə mənbəyi də əllərindən çıxmaqdadır. Hətta haylar yuxularını da qarışdırıblar, çünki iqtisadiyyatı yox dərəcəsində olan, heç bir gəliri olmayan, səfalət içərisində olan ölkələrinin göz dikdikləri təknədən məhrum olması bütövlükdə erməni cəmiyyətinin dalana dirənməsi deməkdir. Məhz buna görə də USAİD adında təşkilatın bağlanılması xəbəri Ermənistan üçün kədərli, hətta fəlakətli xəbər sayılır...

Müəllif: İnam Hacıyev

Digər xəbərlər