"Azərbaycan 2030-cu ilə qədər müəyyənləşdirdiyi Milli Prioritetlər içərisində Qarabağa qayıdış beş əsas prioritetdən biri kimi nəzərdən keçirilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.O bildirib ki, bu istiqamətdə xüsusi proqramlar həyata keçirilir: "Ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən bu proqramların bir hissəsi artıq başa çatıb, bir hissəsi 2025-ci ildə yekunlaşacaq. Prioritetlər çərçivəsində birinci dövlət proqramı 2026-cı ildə başa çatacaqdır. Şübhəsiz ki, bu qayıdış dövlətimizin məqsədlərindən birinə çatmaqla bərabər həm də onun inkişafını şərtləndirən mühüm motivasiyaedici faktora çevriləcəkdir. Buraya iqtisadiyyatın böyüməsi və inkişafını təmin edən ən müxtəlif komponentlər daxildir.Bu komponentlər sırasında birincisi, kommunikasiyaların, yolların çəkilməsi, yükdaşımaların həyata keçirilməsi üçün vasitələrin müəyyənləşdirilməsi, əmək istehsal münasibətlərində mühüm komponent olan əmək qüvvələrinin "Böyük Qayıdış" nəticəsində əhalinin yeni iqtisadi münasibətlərin formalaşacağı əraziyə köçürülməsi aiddir. Düşünürəm ki, biz həmişə "Böyük Qayıdış"a böyük tarixi-mənəvi hadisə kimi baxsaq da, bir də iqtisadi faktor kimi baxmalıyıq. Ona görə də, hazırda bilirik ki, işğaldan azad olunmuş ərazilərimizdə özü-özlüyündə mikroiqtisadi münasibətlər formalaşıb. Özünəməxsus mikroiqtisadi mühit formalaşıb. Əlbəttə ki, 2030-cu ilə qədər bu, daha da böyüyəcək. Bu münasibətlər Azərbaycan iqtisadiyyatında çox əhəmiyyətli bir faktora çevriləcəkdir. İqtisadiyyat deyən zaman biz bilirik ki, işğaldan azad olunmuş müxtəlif ərazilərimizdə həm müasir sənaye müəssisələri yaradılır. Artıq Ağdamda bir neçə mühüm istehsal vasitələri yaradılıb və onlar faktiki olaraq istehsalla məşğuldurlar. Digər ərazilərimizdə də bu məsələlər həyata keçiriləcəkdir. Digəri isə yeni aqrar sənaye münasibətləri və ərzaq istehsalı olacaqdır. Bütün bunlar onu göstərir ki, ardıcıl həyata keçirilən bu proses həm ölkəmizin güclənməsinə, həm də iqtisadiyyatımızın böyüməsinə öz töhfələrini verəcək".
Müəllif: Söylü Ağazadə