Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin 2024-cü ildəki fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair geniş tərkibdə iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatları haqqında və Məhkəmə-Hüquq Şurası tərəfindən görülən ardıcıl tədbirlər barədə məlumat verib.Sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2024-cü il ərzində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülən işlərdən danışlıb. Bildirilib ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olmasını təmin etmək üçün metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakları ilə məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrində görüşlərin keçirilməsi davam etdirilib. Həmçinin, 2024-cü ildə qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə bəzi birinci instansiya məhkəmələrinin məlumatlarının dinlənilmələri keçirilib, eləcə də ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilib. Hüquqi maarifləndirmə məqsədilə Real TV-də yayımlanan "Femida vaxtı" verilişində məhkəmənin hakimləri tərəfindən müsahibələr verilib. Qanunvericiliyin ayrı-ayrı normalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciətlər ünvanlanılıb.İl ərzində vətəndaşların müraciətləri və qəbulu da xüsusi diqqətdə saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinə vətəndaşların əlçatanlığı təmin olunmaqla məhkəməyə ünvanlanmış korrespondensiyalar “Vətəndaşların müraciətləri haqqında” qanuna müvafiq olaraq vaxtında baxılıb, habelə məhkəmənin rəhbərliyi tərəfindən onların bilavasitə qəbulları həyata keçirilib.Sonra Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının ötən il ərzində görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib,İclasda Ali Məhkəmənin kollegiya sədrlərinin Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının fəaliyyətinə dair rəyləri dinlənilib, məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusilə vurğulanıb, bəzi işlər üzrə yol verilmiş müəyyən xarakterik pozuntular, həmin işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və buna dair müvafiq tövsiyyələr diqqətə çatdırılıb.Tədbir hakimlərin hüquqi məsələlərə dair fikir mübadiləsi ilə davam etdirilib.