PDF Oxu

Siyasət

  • 967

"Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı “100 günlük plan” ortaya qoyub" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"ABŞ prezidenti Donald Tramp hələ seçkiöncəsi hakimiyyətə gələcəyi halda 24 saat arzində Rusiya-Ukrayna müharibəsini dayandıracağı ilə bağlı bəyanatlarla çıxış etmişdi".Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.O bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra vəziyyətin onun düşündüyü qədər də asan olmadığını dərk etdiyi üçün müharibənin dayandırılması üçün altı ay vaxt lazım olduğunu dedi: "İndi isə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı xüsusi nümayəndə təyin edərək “100 günlük plan” ortaya qoyub.Planın detalları və müharibənin sonlandırılması üçün konkret hansı addımların atılacağı ilə bağlı dəqiq və ətraflı məlumat olmasa da, bir şey aydındır ki, bu heç də asan başa gəlməyəcək.İndiki halda müharibənin dayandırılması üçün tərəflərin hər ikisindən maksimum iradə tələb olunur. Hər iki tərəfin bəyan etdikləri şərtlər isə bir-birindən olduqca uzaqdır. Tramp düşünür ki, tərəflərə təzyiq göstərməklə onları müharibəni dayandırmağa məcbur edə bilər. Bu istiqamətdə artıq müəyyən adımların atıldığı da məlumdur. Məsələn, xarici ölkələrə və təşkilatlara maliyyə vəsaitinin verilməsinin 90 gün ərzində dayandırılması ilə bağlı qərarı göstərə bilərik. Bu qərar indiki halda, yəni Konqress tərəfindən hələ Bayden hakimiyyəti dövründə təsdiq olunmuş qərarlara aid edilməsə də, Ukrayna üçün ayrılan maliyyə vəsaiti və silahın ötürülməsi davam etsə də, bir müddət sonra Kiyevi çətin duruma salacağı şübhəsizdir. Eləcə də USAİD və Ukraynaya maliyyə yardımları edən digər təşkilatlarla bağlı qəbul olunmuş qərarlardan da indiki halda ən çox əziyyət çəkən məhz Ukraynadır.ABŞ-ın maliyyə yardımı və silah tədarükü olmadan Ukraynanın müharibəni davam etdirməsi inandırıcı deyil. Çünki indiyə qədər Ukraynaya edilən yardımların ən azı yarısı məhz ABŞ-ın payına düşür. Avropa İttifaqı ölkələrindəki vəziyyət, siyasi və iqtisadi çətinliklər isə ABŞ olmadan onların Ukraynanı maliyyələşdirməsinə imkan vermir".Onun sözlərinə görə, Tramp Rusiyaya qarşı da təzyiq rıçaqlarını işə sala biləcəyinin anonsunu verib və açıq şəkildə bəyan edib ki, əgər Rusiya müharibənin dayandırılması və danışıqlara başlanmasına müsbət cavab verməzsə yeni və olduqca ağır sanksiyaların tətbiqi ilə bağlı qərarlar qəbul olunacaq: "Trampın təklifləri ilə bağlı ilkin məlumatlar ondan ibarətdir ki, Ukrayna Rusiya ərazisində tutduğu torpaqlardan, yəni Kurskdan geri şəkilir. Rusiya bunun müqabilində bir sıra əraziləri geri qaytarır. Saxta referendumla Rusiyaya birləşdirilmiş Luqansk və Donetskin işğal altında olan əraziləri Rusiyada qalır. Amma nə beynəlxaq birlik, nə də Ukrayna həmin əraziləri Rusiya ərazisi kimi tanımır və həmin ərazilərlə bağlı uzunmüddətli diplomatic danışıqlar aparılır. Ukrayna NATO üzlüyü planlarından imtina edir, əvəzində ABŞ və bir sıra Avropa İttifaqı ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verir və eləcə də Ukraynanın bərpası üçün ABŞ və Avropa İttifaqı tərəfindən maliyyə ayrılır.Bu planın nə dərəcədə tərəfləri qane edəcəyini söyləmək çətindir. Çünki Ukrayna tərəfi artıq təhlükəsizlik zəmanətlərinə inanmır. Rusiya isə müharibənin dayandırılmasını Ukraynanın Qərb tərəfdaşları hesabına gücləndirilməsi üçün fürsət kimi görür. Odur ki, Trampın nə deməsindən asılı olmayaraq indiki halda müharibənin dayandırılması heç də asan olmayacaq".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər