"Ermənistan-Fransa arasında olan münasibətlər "qardaşlıq" yox "bacılıq" əlaqələridir". Bunu SİA-ya politoloq Samir Hümbətov deyib.O bildirib ki, bu ifadə ironik olaraq səsləndirilir: "Amma ümumilikdə Fransa ilə Ermənistan arasında yaxınlaşma, əlaqələrin sıx tutulmasının bir neçə səbəbi var. İlk öncə din baxımından bir-birilərinə yaxındırlar. İkinci səbəb isə erməni lobbi qruplarının Fransada çox ciddi şəkildə möhkəmlənməsidir. Həmin qrupların Fransanın ictimai-siyasi və iqtisadi həyatına təsir etmək imkanı var. Bu da öz növbəsində iki dövlətin münasibətlərinə təsir edir. Həmçinin Fransanın xarici siyasəti ilə bağlı məsələdir. Fransa Yunanıstan, Ermənistan, Hindistanla yaxınlıq edir. Yəni daha çox anti-müsəlman və anti-türk əhval-ruhiyyəli dövlətlərlə münasibətlərini ciddiləşdirir. Bu mövqeyini bir kənara qoymaq istəmir. Fikrimcə, Ermənistanla onların münasibətlərinin pozulması üçün ciddi səbəblər olmaldıır. Bu da hələki yoxdur. Əksinə bu əlaqələr güclənir. Fransada elə güc hakimiyyətə gəlməlidir ki, ermənilərlə daha çox məsafəli siyasətə üstünlük versinlər. İndiki halda çox çətin məsələdir. Bu baxımdan münasibətlər daha da inkişaf edər. Cənubi Qafqaza girmək üçün Fransa Ermənistandan istifadə edəcək. Hər bir dövlətin öz marağı var. Bir yerdə münasibətlər qırıla bilər".
Müəllif: Banuçiçək Hüseynli