“Azərbaycanın heç bir ölkənin daxili işlərinə qarışmaq niyyəti yoxdur. Həmçinin biz özümüz də heç bir ölkəyə imkan vermərik ki, bizim hansısa daxili işlərimizə müdaxilə edə bilsin. Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə zamanı bildirdiyi kimi, özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olmuşuq. Əlbəttə ki, heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxarıb. Bu gün bizim gücümüz bizə imkan verir ki, hər bir dövlətlə biz müstəqil siyasət aparaq və müstəqil iradə ortaya qoyaq”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.“Müstəqil siyasət və məsuliyyətli tərəfdaşlıq bizə imkan verir ki, digər ölkələrlə qarşılıqlı münasibətlər qura bilək. Bu gün Azərbaycan Çinlə də strateji tərəfdaşlıq istiqamətində çox ciddi addımlar atıb. Bununla yanaşı Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalanıb. Cənab Prezidentin də qeyd etdiyi kimi şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə də əsaslanır. Hər bir sahədə əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.”-deyə, Vüqar İskəndərov bildirib.Deputat qeyd edib ki, ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanması da hər iki tərəfin marağındadır: “Biz ABŞ-nin yeni rəhbərliyindən şox şey gözləyirik. Çünki əvvəlki 4 ildə ABŞ tərəfindən çox absurd bir münasibət gördük. Və bu 4 ili demək olar itirdik. Son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasına gətirib çıxardı. Halbuki bundan əvvəl əlaqələrimiz çox uğurla inkişaf edirdi. Ümid edirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.