Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb. Forum iqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsir göstərir və bir çox məsələlərin müzakirəsinə, vacib qərarların qəbuluna əlverişli mühit yaradır. 1990-cı idən başlayaraq ölkəmiz Davos İqtisadi Forumunda iştirak etməyə başlayıb. İlk dəfə olaraq 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev bu forumda iştirak etmiş, respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. Sonrakı illərdə də bu ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilib. Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb.
Bu gün Davos İqtisadi Forumunda iştirak Azərbaycan üçün müntəzəm xarakter daşıyır. Cari ilin 20 yanvarında da Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. “Ağıllı Əsr üçün Əməkdaşlıq” mövzusunda öz işinə başlayan və dörd gün davam edən Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edib. Forumun hər iclasına qatılan Prezident İlham Əliyevin çıxışları və Forum çərçivəsində bəzi xarici KİV-nə verdiyi müsahibələri böyük maraqla izlənilib. Dövlətimizin başçısı Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Fevralın 11-də efirə gedən bu müsahibə olduqca hərtərəfli xatakter daşıyır. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Çin münasibətlərinin inkişaf perspektivlərinə böyük dəyər verdiyimizi bir daha bildirib. 2024-cü ildə dövlət başçılarımızın imzaladıqları strateji tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açdı. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanın Çin vətəndaşlarına birtərfəli şəkildə viza rejimini ləğv etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq.
Çinlə əməkdaşlıq Azərbaycanın “Bir yol, bir kəmər” kimi qlobal layihələrdə daha fəal iştirak etməsinə şərait yaradır. Bu layihələr ölkəmizin regionda və dünyada nəqliyyat və ticarət marşrutlarında mərkəzi rol oynamasına imkan verir. Bundan əlavə, Çin ilə strateji əlaqələrin genişləndirilməsi Azərbaycanın texnoloji və infrastruktur inkişafında əhəmiyyətli rol oynayır.
Müsahibədə Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında mövcud əlaqələrə də toxunub. Dövlət başçımız qeyd edib ki, Donald Trampın ABŞ-a rəhbərlik etdiyi vaxtlarda Azərbaycan-ABŞ əlaqələri çox uğurla inkişaf edib.Lakin son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimiz tamamilə korlanmışdı. Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmizin çox müsbət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”. Müsahibəsində Prezident İlham Əliyev Avropa liderləri arasında Prezident Trampla bağlı ciddi qeyri-müəyyənlik, ciddi narahatlıq olduğunu qeyd edib. Səbəbi isə çox sadədir. Son 4 il ərzində, yəni cənab Trampın prezident olmadığı dövrdə onların bəzilərinin Donald Trampa qarşı necə münasibət göstərdiyi məlum idi. İndi artıq ABŞ tərəfindən ilk cavab tədbirləri görülür, Kanada və onun Baş nazirinə qarşı təhdidlər göz qabağındadır. “Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”, – deyən dövlətimizin başçısı bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.
Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Bu məqsədə nail olmaq üçün ölkəmiz həm regionda, həm də qlobal miqyasda sabit və balanslı bir siyasət yürüdür. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı, qlobal məsələlərdə təşəbbüskar mövqeyi və regional layihələri bu istiqamətdə atılmış mühüm addımlardır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri