PDF Oxu

Siyasət

  • 1 141

“Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün yeni imkanlar yaradacaq

image

Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bu dəfə də dünya miqyasında xüsusi diqqət cəlb edən hadisələrdən birinə çevrilmişdi. Bu tədbirdə dünya iqtisadiyyatı və siyasəti üçün aktual olan məsələlərin yüksək səviyyədə müzakirə edildiyi bir qayda olaraq qəbul edilib. Hətta Davosda ekspertlər dünya geosiyasəti üçün əhəmiyyəti olan proqnozlar da verirlər.Azərbaycan da tədbirdə yüksək səviyyədə təmsil olunur. Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Bu fonda prezident İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı və tədbir çərçivəsində keçirdiyi görüşlər xüsusi önəm kəsb edir. Hesab olunur ki, dövlət başçısının Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platforma olan Davos Forumu çərçivəsində bir sıra ölkələrin, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşləri qarşılıqlı faydalı əməkdaşlıq baxımından çox əhəmiyyətlidir. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır. Onu da xüsusi vurğulamaq lazmdır ki, Azərbaycan hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək ölkə həqiqətlərini, dövlətin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırır. Həmçinin işğaldan azad olunan ərazilərimizdə postmüharibə dövründə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzindədir. O da bəllidir ki, bu gün Azərbaycanın siyasi arenada qazandığı nailiyyətlərə kölgə salmaq, siyasi qələbələrimizi həzm edə bilməyən qüvvələr var. Bunlar Avropa və digər beynəlxalq təşkilatlarda dövlətimizə qarşı kampaniya aparırlar. Davos Forumunda bu qüvvələr də ifşa edilir. O da mühümdür ki. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ermənistana beynəlxalq prinsiplərə əsaslanan sülh paketi təklif edib. Amma Ermənistan sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı Azərbaycanın təklifinə adekvat addım atmayıb. Eyni zamanda Ermənistanın Cənubi Qafqazda formalaşacaq yeni konfiqurasiyanı pozmaq istəyi və üçtərəfli və digər konsepsiyalarda təklif edilən əməkdaşlıqla bağlı təkliflərdən boyun qaçırması müşahidə edilir. Bunlara da davos görüşlərində xüsusi nəzər salınır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bu məsələrdən də danışıb. Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi ilə bağlı bildirib ki, “Bu, biznes imkanlar təmin edir. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək. Çünki bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk. Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir”. Çinlə birlikdə müəyyən elektrik stansiyalarının üzərində gedən iş, zəngin qazıntı enerji növlərinə malik olan ölkənizin, iqtisadiyyatınızın yaşıl enerjiyə baxışı barədə cənab Prezident vurğulayıb: “Hesab edirəm ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Biz məhz bunu edirik. Biz investorlar üçün yaxşı investisiya mühitini yaratdıq. Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi bizim heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və biz ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən etmişik. Mən bu möhtəşəm uğur münasibətilə Çin istehsalçılarını təbrik edirəm. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir. Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq. Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri

Digər xəbərlər