"Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ABŞ prezidenti Donald Trampın cəhdləri təqdir olunmalıdır". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.O bildirib ki, nəticə etibarilə çoxsaylı itkilərlə müşahidə olunan bu müharibə hər iki xalqın faciəsinə çevrilməkdədir: "Amma müharibəni dayandırmaq göründüyü kimi sadə və asan deyil. Çünki əgər tərəflər ədalətli bir sülh bağlaya bilməsələr, müharibənin yenidən alovlanma riski həmişə olacaqdır. Ona görə də, əsas məsələ necə olursa-olsun bir müharibəni dayandırmaq məqsədi olmamalıdır.Hazırda Ukraynanı Rusiya ilə atəşkəsə hazırlamaq üçün edilən yardımlar hər gün bir qədər də azaldılır. Çünki Ukrayna hərbi uğurlar qazandığı halda heç bir atəşkəsə razı olmayacaq. Rusiyaya Qərbin yardımı ilə qalib gəlmək də mümkün görünmür. Hətta mümkün olsa belə, tərəflərdən birinin mütləq qalibiyyəti müharibənin bitməsi olacaq. Qərbin istəyi və məqsədi isə heç bir halda müharibəni bitirmək deyil. Bu müharibə daima müxtəlif aktiv və passiv fazalarda davam etməklə Rusiyanın başı üzərində “Domokl qılıncı” rolunu oynamalıdır.Əsas məsələ davamlı sülhə nail olmaqdır ki, bu da hələ mümkün görünmür. Çünki Donald Tramp bu sülh cəhdlərində öz müttəfiqlərini də gözardı edir. Vaxtilə Amerika Birləşmiş Ştatlarının müharibəyə cəlb etdiyi Avropa Birliyi sülh danışıqlarından kənarda qalır. Az qala mümkün sülhün tərəfi olacaq, əraziləri işğala məruz qalan Ukrayna danışıqlarda iştirak etmir, yaxud da natamam iştirak edir. İşğal faktı ortada qalır. Hərbi cinayətlər ortada qalır. Belə olan halda mənə elə gəlir ki, biz sadəcə atəşkəsdən danışa bilərik. Buna da Rusiya razı olmur. Beləliklə, çox paradoksal vəziyyət yaranır. Əldə olunması düşünülən məqsəd sülhdürmü, yoxsa atəşkəsdirmi? Düşünürəm ki, bunu önümüzdəki günlərdə daha aydın görə biləcəyik".
Müəllif: Söylü Ağazadə