PDF Oxu

Siyasət

  • 958

Dostluq münasibətlərində yeni səhifə açılır

image

30 illik yurd həsrətimizə, Qarabağ münaqişəsinə birdəfəlik son verən müstəqil Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Hər zaman tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub saxlayan Azərbaycanın uğurlu inkişafını, nailiyyətlərini şərtləndirən də məhz bu dəyərlərdir.

Beynəlxalq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq siyasətini son illərdə daha da genişləndirən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri, hər iki ölkənin prezidentlərinin görüşləri, mətbuata birgə bəyanatları, iki ölkə arasında imzalanan sazişlər, sənədlər bunun bariz təsdiqidir.
Somali Federativ Respublikası ilə ölkəmiz arasında 2004-cü ildən qurulan diplomatik əlaqələr bu gün də uğurla davam etdirilir. Kənd təsərrüfatı, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı eyni zamanda iki ölkə arasında dostluq münasibətlərində yeni səhifə açıb. Eyni zamanda onu da qeyd edək ki, Somali Federativ Respublikasının Prezidentinin Bakıya səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin tarixində bir ilk idi.
“Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Bilirəm ki, xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”. Mətbuata verilən bəyanat zamanı bildirən ölkə Prezidentimiz cənab İlham Əliyev onu da vurğulayıb ki, bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Əminəm ki, hazırda Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.
“Bu gün imzaladığımız sazişlər Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır, həmçinin ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır. Bu müqavilələrdən başqa, bizim bugünkü əməkdaşlığımız ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Azərbaycanla bilik mübadiləsi və investisiya tərəfdaşlığı böyük fayda əldə edə biləcəyimiz sahələrdir”. Somali Prezidenti Hasan Şeyx Mahmudun bu fikirləri də təsdiq edir ki, iki ölkənin dost münasibətləri möhkəm iqtisadi və diplomatik münasibətlərə zəmin yaradır.
Uzun illər müstəmləkəçilikdən əziyyət çəkən Afrika qitəsində yerləşən Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə tarixi səfəri, ölkələrimiz arasında təcrübə mübadilələrinin aparılması deməyə əsas verir ki, Azərbaycan-Somali dostluq münasibətlərində yeni səhifə açılır.

Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər