Prezident İlham Əliyevin yanvarın 20-də Çinin CGTN telekanalına müsahibəsi Azərbaycanın dünya birliyindəki önəmli yeri, Azərbaycan-Çin əlaqələri, bölgədəki əsas söz sahibi olan qüdrətli lider mövqeyinə aydınlıq gətirilməsi ilə yanaşı, eyni zamanda Azərbaycanın iqtisadi əlaqələrinin və iqtisadiyyatının inkişafı barədə mühüm məlumatlar üzərində qurulub. Müsahibəsində dövlət başçısı qeyd edib ki, biz investorlar üçün yaxşı investisiya mühiti yaratdıq. SİTAT: “Bizim 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər.” İlham Əliyevin də qeyd etdiyi kimi hazırda Azərbaycan dövləti həm yerli, həm də xarici investorlara geniş imkanlar və yaxşı şərait yaradıb. Bizim məqsədimiz şaxələnmiş xarici siyasət istiqamətində çox tərəfli qarşılıqlı münasibətlərin qurulması, global iqtisadiyyatın çox vacib bir parçası olmaqdır.
Azərbaycanın məqsədi təkcə Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Əsas məqsəd özəl sektorun faydalana biləcəyi dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Ümumiyyətlə, Azərbaycanın global iqtisadiyyatdakı hər bir irəliləyişi, daxili adutoriyanın sosial rifahını yaxşılaşdırmağa hesablanmışdır. Düşünürəm ki, Azərbaycan dövlətinin bugünkü gücü rəhbərin ictimaiyyət tərəfindən daima dəstəklənməsindən irəli gəlir. Dövlətimizin xarici siyasətdəki hər addımı xalq tərəfindən dəstəklənir və müdafiə olunur.
Xarici siyasət kontekstində mühüm məsələlərdən biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində çoxşaxəli əməkdaşlıq əlaqələridir. Dövlət başçısı öz müsahibəsində bildirib ki, ölkəmiz bu təşkilatda dialoq üzrə tərəfdaşdır. Bu, tərəfdaşlıq müstəvisində əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı iradənin nümayişidir.
Bəli, Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq üzrə imzalanan Bəyannamə iki ölkə arasında etimad və əməkdaşlığın göstəricisidir. Həmin sənəd Azərbaycanın dünya iqtisadiyyatında mühüm rol oynayan ölkələr, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-ə üzv dövlətlərlə əlaqələrini daha da gücləndirir. Bu istiqamətdə yeni perspektivlər Azərbaycanın qlobal və regional arenada artan rolunun bir təzahürüdür. Həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində iştirak ölkəmizin iqtisadi sferalarda əldə etdiyi dividentlərin artırılmasına yönəlik mühüm təşəbbüslərdir. Azərbaycanın Çin və Mərkəzi Asiya ölkələri ilə yaxın əlaqələri, eyni zamanda, Xəzər və Cənubi Qafqaz regionundakı rolu ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində sabit mövqeyini nümayiş etdirir.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi, əldə etdiyi uğurlar və strateji planları barədə mühüm məqamlara toxundu. Səsləndirilən fikirlər ölkəmizin beynəlxalq arenada yerinin möhkəmləndirilməsi və qlobal məsələlərdə fəal iştirakının əhəmiyyətini ortaya qoyur.
Digər bir baxımdan, Prezident İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirir. Müsahibə dünya ictimaiyyətinə vacib mesajlar göndərilib, beynəlxalq auditoriyanı məlumatlandırıb və qlobal əhəmiyyətə malik fikirləri diqqətə çatdırılıb. Dövlətimizin başçısı bütün bunları Azərbaycanın milli maraqlarını, təhlükəsizliyini və regional sabitliyi nəzərə alaraq dəyərləndirdi. Bu, bir Lider müsahibəsi idi. Həm regionun ən güclü dövlətlərindən birinin Prezidenti, həm də bu gün türk dünyasında və Qoşulmama Hərəkatında mühüm rol oynayan bir şəxsiyyət kimi Prezident İlham Əliyev dünya ictimaiyyətinə açıq mesajlar verdi.
Bu gün Azərbaycan regional əməkdaşlıqda mühüm bir mövqeyə malikdir və bu, ölkənin iqtisadi inkişafı, sabitlik və təhlükəsizlik sahələrində qazandığı uğurları sübut edir. Dövlətin apardığı siyasət və həyata keçirdiyi strateji layihələr digər ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələr qurulması üçün mühüm imkanlar yaradır. Xüsusilə, Azərbaycan Şərqdən Qərbə, həmçinin Cənubdan Şimala gedən əsas tranzit dəhlizlərinin mərkəzində yerləşərək, regional əlaqələri möhkəmləndirən və qlobal iqtisadiyyatla inteqrasiyanı gücləndirən strateji layihələrin həyata keçirilməsini təmin edir. Bu layihələr Azərbaycanı digər ölkələr üçün həm iqtisadi, həm də siyasi baxımdan etibarlı tərəfdaş edir. Beləliklə, Azərbaycan həm öz inkişafını sürətləndirir, həm də regional və beynəlxalq əməkdaşlıqda sabitliyə töhfə verir.
Bu gün hər kəsə məlumdur ki, iki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Cənab Prezident ötən il ölkələrimizin strateji tərəfdaşlıq haqqında Bəyannamə imzaladığını xatırladıb. Digər bir məqam isə ondan ibarətdir ki, dövlətimizin başçısı beynəlxalq miqyasda xalqının maraqlarını qoruyan, verdiyi bütün vədləri yerinə yetirən lider kimi tanınır. SİTAT: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik”.
Ölkəmizin yaşıl enerji sahəsində hədəfləri Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan digər mühüm mövzudur. Dövlət başçısı qazıntı enerji növlərindən əldə edilən gəlirləri yaşıl texnologiya və enerjiyə yatırmağın vacibliyini vurğulayıb. Həmin sahədə ölkəmizin 2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə isə 6 giqavat həcmində günəş və külək elektrik enerjisi hasil etmək məqsədi daşıdığı açıqlanıb. Bu, Azərbaycanda enerji sektorunda ciddi dönüş yaradacaq bir layihə olaraq həm yerli, həm də xarici investorların diqqətini cəlb edib. Çin texnologiyasının bu sahədə istifadə olunması və bu məhsulların keyfiyyətinin rəqabət qabiliyyətinin yüksək olduğunu qeyd olunub.
Beləliklə, Azərbaycan Prezidentinin bu müsahibəsi həm də Azərbaycan-Çin əlaqələrinin uğurla inkiaş etdiyinə dair gözəl nümunə, gələcək münasibətlər üçün isə hərtərəfli fəaliyyət proqramıdır.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri