18 fevral 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Aztelekom MMC Cənub Regional Filialı Masallı şöbəsində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda növbəti seminarı keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov çıxış edərək dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, Hər bir xalqın tarixində unudulmayan hadisələr çox, dahi şəxsiyyətlər isə az olur. Belə şəxsiyyətlər həmişə tərəqqiyə xidmət edən ali məqsədlər uğrunda gedən mübarizənin bayraqdarı olub, siyasi fürsətlərdən xalqının xoşbəxt gələcəyi naminə məharətlə, müdrikliklə istifadə edib, gələcəyə doğru inamla addımlayıblar.
Bənzərsiz ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyat yolu örnək olan ulu öndər Heydər Əliyev dünyanın ən qüdrətli simalarından biri kimi hər bir azərbaycanlının qəlbində əbədi iz buraxıb. O, Azərbaycan xalqının taleyinə qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuş tarixi şəxsiyyətdir. Ən mühüm məsələlərdən biri də odur ki, SSRİ dövlət təhlükəsizlik sistemində sıravi işçidən rəhbər vəzifəyə kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər Əliyev sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycana rəhbərlik etməyə başladığı 1969-cu ildən respublikamızda böyük iqtisadi, elmi yüksəlişlə yanaşı, ədəbi-mədəni inkişafa və müstəqil düşüncəyə yol açmışdır. Sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları, mədəni-mənəvi dəyərlərinin qorunması üçün mümkün olan bütün işləri görmüşdür.
Eldar Kazımov çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönələn müdrik siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyət zənginləşib.
Aztelekom MMC Cənub Regional Filialı Masallı şöbəsi ərazi partiya təşkilatının sədri Daşqın Babayev çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belə dahilərin əməlləri, fəaliyyətləri ilə yaranır. Böyük tarixi qismətdir ki, Heydər Əliyevin ikinci qayıdışı ilə vətən naminə qurub-yaradan və dünyaya tanıdılmaq fəlsəfəsi olan azərbaycançılıq dövlətin milli-siyasi məfkurəsinə çevrildi. Onun bütün fəaliyyəti boyunca milli amil aparıcı xətt kimi özünü büruzə verir. Heydər Əliyev "azərbaycançılığı" bir ideologiya olaraq irəli sürməklə, ölkənin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini icra etdi. Ümummili lider bu ideya ilə bağlı əvvəlki iki yüz ilə yaxın bir dövr ərzində aydın düşüncə sahiblərimizin ortaya qoyduğu çoxsaylı fikirləri yaradıcı şəkildə inkişaf etdirərək azərbaycançılıq məfkurəsinə yeni bir ideoloji məzmun verdi.
Seminarda iştirak edən Şəfahət Nemətov və başqaları dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edərək, ulu öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışıblar.