“ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü gözlənilir və hazırda bununla əlaqədar işlər başlanılıb. Artıq Səudiyyə Ərəbistanda hər iki tərəfindən nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib.
Görüşdə təmas quruplarının yaradılması barədə razılığına gəlinib. Müəyyən məsələlər hazır olmalıdır, eləcə də 60-70% razılaşdırılmış məsələlər ortaya gəlməlidir ki, liderlər əlavələrini edərək sonda razılaşsınlar. Bu görüş iki istiqamətdə gedir. Rusiya və Amerika münasibətlərinin normallaşdırılması, Rusiyaya olan sanksiyaların mümkün dərəcədə yüngülləşdirilməsi və ona uyğun digər məsələlər, həmçinin Rusiya tərəfi hansı güzəştlərə gedəcək və hansı sahədə geri çəkiləcək mövzusunda müzakirələr olacaq”. Bu sözləri siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı SİA-ya açıqlamasında deyib.Onun sözlərinə görə, digər məsələ isə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və ərazidə atəşkəsə dair sənədin imzalanması üzrədir: “Danışıqların gedişində hansısa sazişin mətninin hazırlanmasına dair işlər aparıldığını göstərir. Hər halda söhbət Rusiya-Ukrayna müharibəsinin dayandırılmasından gedir və ortada müxtəlif mövqelər var. Trampın mövqeyi imkan daxilində daha tez hərbi əməliyyatları dayandırmaq istiqamətindədir və prinsipli yanaşmada ondan ibarətdir ki, Ukrayna müəyyən ərazi itkiləri ilə hesablaşmalıdır. Ukrayna prezidenti Zelenski ərazi itkilərini minimuma endirməyə və tam məğlub vəziyyətdə qalmamağa çalışır. Rusiyanın isə bu məsələ ilə bağlı mövqeyi bundan ibarətdir ki, ərazilərin mübadiləsindən söhbət gedə bilməz. Burada Ukrayna Kursk vilayətinin ərazilərini öz ərazilərinin bir hissəsi ilə əvəz edilməsindən də söhbət gedir. Ona görə də razılıq əldə olunması çox çətindir”.Siyasətçi həmçinin bildirib ki, Ukrayna rəhbərliyi müqavimət göstərir: “Avropa da birmənalı şəkildə Trampa qarşı dayandı. Həmçinin Amerikanın müttəfiqqi olan İngiltərə də Trampa qarşı dayandı və Avropa bloku ilə birlik oldu. Fransanın təşəbbüsü ilə Avropa liderlərinin görüşü oldu. Lakin konkret qərar olmadı, hər halda mövqe nümayiş etdirirlər ki, bunlar Trampın variantı ilə razı deyillər. Eyni zamanda NATO-nun rəhbəri Ruttenin də Amerikaya qarşı çıxış etməsi maraqlıdır. Çünki Amerika NATO-nun nəzarəti altında olan ölkədir, lakin rəhbəri açıq şəkildə Amerikaya qarşı çıxır. Hər halda nəticə əldə olunacağına ümid etmək olar.Türkiyə isə hər zaman regionda məsələlərin həllində həlledici rol oynayıb. Türkiyənin də mövqeyi ortadadır və vasitəçi rol oynamağı təklif edib. Böyük ehtimalla ola bilsin ki, məhz Türkiyənin variantı ilə məsələ həll olunsun. Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, Trampla mövqeyi demək olar üst-üstə düşür. Bununla yanaşı Zelenski Türkiyəyə gələrək görüş keçirdi və danışıqlar apardı. Rusiya prezdenti ilə ABŞ prezdenti arasındakı görüş regionda bir sıra mövqeləri aydınlaşdıracaq. Həmçinin Azərbaycanın da mövqeyi Türkiyə ilə üst-üstə düşür. Hər halda bu görüşdən sonra Azərbaycanın mövqeyi azalmayacaq”.
Müəllif: Xeyrənsə Piriyeva