"Azərbaycan Prezidentinin Qarabağ bölgəsinə səfəri və Ağdamda gedən bərpa-quruculuq işləri ilə yerində tanış olması mühüm hadisədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu səfərlər eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuğu, o cümlədən soydaşlarımızın geri qayıtması ilə bağlı qəbul olunmuş dövlət proqramı çərçivəsində həyata keçirilir: "Bu işlər Prezident İlham Əliyev özü vaxtaşırı birbaşa işlərin gedişatı ilə tanış olmaqla həm özü ətraflı məlumata malik olub, eyni zamanda işlərin nəzərdə tutulan vaxtda yerinə yetirilməsi və soydaşlarımızın nəzərdə tutulan müddətdə qrafik üzrə geri qayıtmasını təmin etmək məqsədi daşıyır.Ağdam strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilir. Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına töhfə verəcək. Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulmasına da Böyük Qayıdış konsepsiyası kontekstində yanaşmaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa restavrasiya işləri həyata keçirilir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması deməkdir.Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yüksək səviyyədə şərait yaradılıb. Qərargah ən son innovativ texnologiyalar əsasında tikilib. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə görülən işlərin göstəricisidir.Prezident ərazilər işğaldan azad olunandan sonra bölgəyə çoxsaylı səfərlər edib. Hər səfərində də orada yeni yaşayış massivlərinin təməli qoyulub, açılışı edilib. İş yerlərinin açılışı, infrastruktur layihələrinin həyata keçirilməsi prosesini yerində izləyib və onların ya təməlini qoyub, ya da işlərin gedişatı ilə birbaşa maraqlanıb. Yaxud da, səfərlərdə görülmüş işlərin və təhvil verilmiş obyektlərin açılışında iştirak edib. Bu baxımdan Prezidentin səfəri önəmli səfərdir".
Müəllif: Söylü Ağazadə