PDF Oxu

Siyasət

  • 695

“Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir” TƏHLİL

image

Böyük Qayıdış tarixində daha bir əlamətdar hadisəyə – yaddaşımızda daşlaşacaq bir qayıdışa Xocalı qayıdışına şahidlik etdik. Yüzlərlə insanın qanı tökülən bir şəhərə qayıdış, inləyən, sızlayan bir şəhərə qayıdış. Bir gecənin içində məhv olan sakinləri dərbədər düşən, qocası, uşağı zillətlə məhv edilən bir torpağa qayıdış.

Bu gün Xocalı niskilli deyil, bayram əhvali-ruhiyyəsindədir. Bəli, xocalılılar mərhələli olaraq şəhərə qayıdırlar. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 33 il ötür. Bu illər ərizində bu torpaqlara qayıdacağımız günü gözləyirdik. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

“SEPARATÇILARIN KÖKÜ KƏSİLDİ”

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. “İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır”. Bu barədə Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdə bildirib. Ballıca kəndini biz 2023-cü ilin sentyabrında azad etdik, - deyən Prezident bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi mərhələli yollarla təmin olunmuşdur.

Azərbaycan tarixi ədaləti bərpa edib və günahsız Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.

QALİB SƏRKƏRDƏNİN VERDİYİ MESAJLAR

Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Xocalı yenidən qurulur. "Şadam ki, uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Keçmiş köçkünlər indi demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni, həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik” – deyə Prezident qeyd edib: "Ballıca kəndinin də bərpası artıq son mərhələdədir. Mənə verilən məlumata görə, 137 ev artıq bərpa edilib və 60-a yaxın ev hələ bərpa olunacaq. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib. Evləri bərpa etmişik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün imkanlar yaxşıdır, torpaq münbitdir, hava da təmizdir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük”.

Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsini ucaldır, mesajlarını verir, dünya bunu görür və eşidir. “Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar”, - deyə Prezident qeyd edib.

Bildiyimiz kimi, ötən ilin fevralın 26-da Xocalı soyqırımı günü Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuşdu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir.

Bu gün Xocalı yenidən qurulur. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır. Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər.

XOCALI - MÜASİR ŞƏHƏR

Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək. Xocalı müasir şəhər olacaq. Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqeyi də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.

Eyni zamanda, strateji əhəmiyyətə malik Ağdam, Xankəndi şəhərlərinin, mədəniyyət paytaxtımız Şuşa şəhərinin çox yaxında yerləşdiyini də nəzərə alaraq, regionla inteqrasiyasına xüsusi önəm verilib. Bu tərəfdə Xocalı şəhərinin tünd qəhvəyi rənglə əvvəl mövcud olmuş sərhədləri göstərilib, 610 hektar təşkil edirdi. Hazırda isə 1300 hektara yaxın ərazi nəzərdən keçirilir.

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur:

QƏLƏBƏMİZİN RƏMZİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib.

Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir. Burada da söküntü işləri aparılacaq.

Ərazidəki mövcud ağacların qorunması məqsədilə aidiyyəti təşkilatlarla birgə baxış keçirilib və müxtəlif növ 262 ağac müəyyən edilib. Bundan başqa, parkın ərazisində 21 növ üzrə 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur. Hazırda ərazidə planlaşdırma işləri görülür. Qeyd edək ki, ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir.

Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Xankəndi şəhərində yaradılacaq Zəfər parkı tarixi Qələbəmizin yaddaşlarda yaşadılması, yaradılmış qəhrəmanlıq nümunələrinin əbədiləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyətə malikdir. Zəfər parkı Azərbaycanın gücünü, xalqımızın əzmini və azərbaycanlıların Vətən torpağına olan bağlılığını göstərən bir məkandır.

AZƏRBAYCAN-ÖZBƏKİSTAN BİRGƏ MÜƏSSİSƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub. Qeyd edək ki, ərazisi 1,2 hektar olan fabrikin inşası Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. İndiyədək 5,5 milyon manat investisiya qoyulub. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur.

Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 300 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.

Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi tikiş fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal edilməsi nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək.

Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki yüngül sənayenin inkişafı üçün yeni imkanlar açır və ölkələrimiz arasında ənənəvi dostluq, qardaşlıq, iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən videobağlantı vasitəsilə Xankəndi tikiş fabrikinin açılışı olub. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər