Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşüb. SİA-nın məlumatına görə, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, parlamentin sədri qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, münasibətlərimizin Ulu Öndər Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkənin prezidentlərinin rəhbərliyi ilə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdığı və bu gün dünya miqyasında bənzəri olmadığı diqqətə çatdırılıb. Tarixi Şuşa Bəyannaməsi xalqlarımız arasında mövcud olan tarixi, ənənəvi qardaşlıq əlaqələrinin ifadəsi kimi qiymətləndirilib. Həmçinin bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu regionumuzda da sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına mühüm amildir.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub. Qeyd olunub ki, iki qardaş dövlət hər zaman bir-birinin yanındadır və bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birini dəstəkləyir.
Həmçinin ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin iki ölkənin parlamentləri platformasında da uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, qanunverici orqanlarımızın əlaqələri ölkələrimiz arasında əməkdaşlığın ruhuna uyğundur və ildən-ilə möhkəmlənir. İkitərəfli əsasda əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyi diqqətə çatdırılıb.
Birol Akgün Türkiyənin Azərbaycanda səfiri kimi fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.