PDF Oxu

Siyasət

  • 418

Xocalı soyqırımı dünyanın ən qanlı cinayətidir

image

Azərbaycan xalqı ermənilərin tarixən başımıza gətirdikləri faciələri, o cümlədən Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Dövlətimizin başçısı İlham Əliyev cənabları tarixi Zəfərimizdən sonra Ermənistana təklif olunan sülh müqaviləsindən bəhs edərkən daim bu məqamı xüsusi qeyd edir ki, yaşadığımız faciələri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi heç zaman unutmarıq.Yaşadığımız faciələri hər an xatırlamalıyıq. İnformasiya cəbhəsində mübarizəmizi davam etdirməli, erməni vəhşiliklərini əsaslı və davamlı şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Xocalı faciəsi erməni vəhşiliyinin ən dəhşətli nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi.

Həmin qanlı gecədə dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insanlar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib.

Uzun illərdir ki, erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, misli görünməmiş qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” söyləyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Azərbaycan xalqının XX əsrd əüzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırım kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl iş həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan sistemli iş soyqırımın dünyada tanıdılmasında müstəsna rol oynayır. Həyata keçirilən bu siyasətin nəticəsidir ki, artıq bir çox ölkələr bu soyqırımı tanıyıblar.

44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatında Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanımızın rəhbərçiliyi ilə Azərbaycanın ərazi bütövlüyünü əldə etdi. Ermənilərin azərbaycanlılara yaşatdıqları faciələrin əvəzini dəfələrlə qaytardı. Ancaq buna baxmayaraq Xocalı faciəsini törədənlər hələ də öz layiqli cəzalarını almayıblar. İnanırıq ki, dünya liderləri içərisində özünə layiqli yer tutmuş Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər