Masallı rayonunda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təsis edilməsinin 32 illiyi ilə əlaqədar “Qalib Azərbaycanın Qüdrətli Partiyası” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini və şəhidlər kompleksini ziyarət edib, abidə önünə tər- gül dəstələri qoyublar.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbir iştirakçılarını Yeni Azərbaycan PartiyasıMasallı rayon təşkilatının təsis edilməsinin 32 illiyi münasibəti ilə təbrik etmiş, çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin banisi olduğu tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb. Bildirilib ki, dahi şəxsiyyətin üzərinə böyük bir tarixi missiya götürərək yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisə oldu. Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək “Dünənin, bu günün və gələcəyin” partiyasına çevrildi. Bu gün partiya öz sıralarında vətənini sevən və xalqına sadiq olan vətəndaşların yer aldığı partiyadır. Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan partiya ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası saysız-hesabsız tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, daha da inkişaf edib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin davamlı inkişafın təminatçısı kimi xalqın böyük əksəriyyətinin etimadını qazanıb.
Banisi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə imza atdığı yeni nailiyyətlərindən söz açan Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası bu şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur.
Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi bu illərdə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib.
Tədbirdə partiya veteranlarından Fizulu Fətullayev, Cəmaləddin Ağayev, Vaqif Şükürov, Ramiz Tağıyev, Şəhid anası Mehriban Sultanova, partiya fəallarındanDilbər İbayeva, Hikmət Xəlilov, Nahid Rəhimov və başqaları çıxış edərək qurucusu Ümummilli Lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.
Tədbirin sonunda Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib.