Tarix yaşanılmış aylardır, illərdir. Yaşanılmış aylar, illər dövlətlə, dövlətçiliklə, xalqla bağlıdırsa, heç zaman unudulmur. Qürurla yaşanılanlar da, qəhər yaşadanlar da. 1990-cı il yanvarın 20-də rus imperiyası Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq üçün böyük faciə törətdi. 1991-ci ilin 18 oktyabrında Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktı qəbul olundu. Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlayan Ermənistan dislokasiya yeri Xankəndi olan 366-cı alayın iştirakı ilə Xocalı şəhərində soyqırımı həddində faciə törətdi.
Ulu Öndər Heydər Əliyev demişdir: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin, 366-cı alayın hücuma cəlb olunmuş şəxsi heyətinin odlara qaladığı Xocalıda camaat qarda-şaxtada yollara tökülüşdü, üzü Ağdama yol aldı. Neçə yerdə pusquya düşdülər, onları izləyən ermənilərin əlindən can qurtara bilməyənlər güllələndi, əsir alındı.
O gecə 613 nəfər öldürüldü, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edilmişdi, 56 nəfər diri-diri yandırılmışdı. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlu¬mat yoxdur.
Ulu Öndər Heydər Əliyev demişdir: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı ta¬rixi bir cinayətdir”. 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Ümummilli Lider 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram kimi sükut dəqiqəsi elan edilmişdir.
Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilib. Bu kampaniya bir çox ölkələrdə səmərəli, məqsədyönlü fəaliyyət göstərir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Justice for Khojaly informasiya portalı ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan təbliğat platformasıdır.
Xocalı faciəsi haqqında xarici jurnalistlərin yazdıqları da nə vaxtsa bu faciəyə görə başlayacaq beynəlxalq məhkəmədə fakt kimi səsləndiriləcək. İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanan ordumuz 2023-cü il sentyabrın 19-20-də Xocalını işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri uğurla davam etdirilir.
2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhə¬rin¬də Xocalı Soyqırımı Memorialının təməlini qoydu, 2024-cü il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurma işləri ilə tanış oldu. Qurulan Xocalıya əhali köçürüldü…
Görülən işlər nəticəsində işğaldan azad edilən bütün ərazilərimiz kimi, Xocalı şəhəri də tezliklə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək.
Səbinə Xasayeva
Millli Məclisin deputatı