PDF Oxu

Siyasət

  • 535

Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli, ən qanlı faciəsidir

image

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş “Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli, ən qanlı faciəsidir” adlı tədbir keçirilib

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Xocalı Şəhid Ailələri Cəmiyyətinin sədri, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı, Xocalı soyqırımının canlı şahidi Mehriban Əliyeva, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.

İlk öncə tədbir işirakçıları tərəfindən Yasamal rayonunda Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleksi ziyarət olub, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Respublikamızın suverenliyi, ərazi bötövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xocalı soyqırımının 33-cü il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri məsuliyyətə cəlb olunmasını qəti şəkildə tələb etmişdir. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Ali Sovetin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 1994-cü il 24 fevralda isə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Çıxışına davam edən A.Rzayev qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü fəaliyyətin miqyası ildən ilə genişlənir.Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən Azad Rzayev 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha bütün dünyaya nümayiş etdirir.

Çıxış edən Xocalı Şəhid Ailələri Cəmiyyətinin sədri, Xocalı şəhidi Şöhrət Həsənovun həyat yoldaşı, Xocalı soyqırımının canlı şahidi Mehriban Əliyeva Xocalı hadisələri ilə bağlı acı xatirələrindən bəhs edib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Çıxışda hər zaman şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.

Tədbirə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının təqdimatında bədii hissə ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər