PDF Oxu

Siyasət

  • 883

Xocalı soyqırımı: bütün cinayətkarlar ədalət mühakiməsinə cəlb olunacaqlar

image

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə həyata keçirilən Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindəndir. Xocalı şəhərində erməni silahlı qüvvələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə dinc əhaliyə qarşı misli görünməmiş vandalizm aktı törətdi. Şəhərdən çıxmağa çalışan əhali Pircamal və Naxçıvanlı kəndləri istiqamətində pusquya düşdü, dinc sakinlər, xüsusilə qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi. Məlumata görə, 613 nəfər öldürülmüş, 1275 nəfər girov götürülmüş, 8 ailə tamamilə məhv edilmişdir. Qətlə yetirilənlər arasında 63 uşaq, 106 qadın və 70 qoca vardı.

Xocalı şəhəri Cənubi Qafqaz regionunun mühüm strateji nöqtəsində yerləşir. Şəhərin yerləşdiyi ərazi Qarabağın önəmli nəqliyyat yollarını birləşdirirdi və bu səbəbdən Ermənistan tərəfindən hədəf seçilmişdi.
Azərbaycanın qədim şəhərlərindən olan Xocalı işğal nəticəsində xarabalığa çevrilmişdir. Şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış evi, 14 məktəb, 29 kitabxana, 21 klub, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılmışdır. Əsrlər boyu qorunmuş mədəni abidələr, türbələr və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Xüsusilə XIV-XV əsrlərə aid tarixi abidələr vandalizmə məruz qalmışdır.
“Soyqırımı” termini ilk dəfə 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyada təsbit olunmuşdur. Xocalıda baş verənlər bu konvensiyanın müddəalarına uyğun olaraq soyqırımı cinayəti hesab edilir. Bosniya və Herseqovina, Kolumbiya, Meksika, Pakistan, Peru və digər dövlətlərin parlamentləri Xocalı soyqırımını tanımışdır. Həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı faciəsini rəsmən soyqırımı kimi qəbul etmişdir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlamışdır. Kampaniya dünya ictimaiyyətini bu faciə haqqında məlumatlandırmaq, beynəlxalq miqyasda hüquqi və siyasi qiymət verilməsinə nail olmaq məqsədi daşıyır. Kampaniya çərçivəsində sərgilər, konfranslar, maarifləndirmə tədbirləri keçirilir və sosial media vasitəsilə milyonlarla insana çatdırılır.
20 noyabr 2012-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayəti soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.
2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edərək Xocalı soyqırımının da qisasını almışdır. 2023-cü il sentyabrın 19-20-da keçirilən antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizlənmişdir. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda Dövlət Bayrağı ucaldılmış və şəhərin yenidən qurulmasına başlanılmışdır. Bu gün Xocalının bərpası və əhalisinin doğma torpaqlarına qayıtması istiqamətində mühüm addımlar atılır.
Hər il fevralın 26-da minlərlə insan “Ana harayı” abidəsi önündə Xocalı qurbanlarının xatirəsini yad edir. Bu anım mərasimləri faciənin unudulmaması və beynəlxalq səviyyədə tanıdılması üçün mühüm əhəmiyyət daşıyır. Ənənəvi yürüşlərdə müxtəlif siyasi partiyaların nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və yerli ictimaiyyət iştirak edir.
Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Bu hadisənin beynəlxalq aləmdə tanıdılması üçün mübarizə davam etdirilir. Xocalı təkcə bir şəhərin deyil, insanlığın yaddaşında əbədi qalacaq bir faciədir. Soyqırımını sifarişçi və icraçılarının hər biri mütləq ədalət mühakiməsinə cəlb olunacaqlar.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər