Ölkəmizin dost və qardaş münasibətləri saxladığı ölklərdən biri də Pakistan dövlətidir. Hər zaman Azərbaycanın haqq səsini dəstəkləyən rəsmi Islamabad, ölkəmiz müstəqillik qazandıqdan sonra daima qardaş Türkiyə qədər bizə göstərdiyi qardaşlıq münasibəti ilə fərqlənib. Təkcə onu xatırladaq ki, Pakistan dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bildiyimiz kimi ölkələrimiz arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub. Paytaxt Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb. Azərbaycan və Pakistan arasındakı hərtərəfli əlaqələrin inkişafında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xüsusi xidmətləri olub. Məhz Ulu Öndər Heydər Əliyev qardaş Pakistan dövləti ilə olduqca mükəmməl münasibətlər qurulmasına nail olub.
1995-ci ildə Pakistan İslam Respublikasının Prezidenti Sərdar Taruq Əhməd Xan Leqarinin Azərbaycana səfəri olub. 1996-cı ildə isə Ümummilli Liderimiz Heydər Əliyevin Pakistana səfəri də tarixi önəm daşıyırdı. Çünki bu səfər zamanı keçirilən görüşlər iki ölkə arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlığın uğurla inkişaf etməsinə zəmin yaratdı. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.
Qardaş Pakistanla səmərəli əməkdaşlıq siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib. 2015-ci il martın 11-14-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin güclənməsinə böyük töhfə verib.
Həmçinin Prezident İlham Əliyevin ötən ilin iyulun 11-12 tarixlərində Pakistana olan dövlət səfəri hər iki qardaş ölkənin strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdi. 2024-cü ilin iyulun 11-də İslamabadda Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışı zamanı Prezident İlham Əliyev bir sıra tarixi faktları diqqətə çatdırıb. Prezidentdən SİTAT: “Biz qardaşıq, dostuq! Qardaş və dost kimi biz Sizinlə, Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacağıq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacağıq. Mən əminəm ki, ədalət zəfər çalacaq.”Azərbaycan və Pakistan çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Təsadüfi deyil ki, Pakistan indiyədək Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb, Ermənistanın suverenliyini tanımayıb. Pakistan ilə Azərbaycan arasındakı bu isti münasibətlər parlamentlərarası əlaqələr səviyyəsində, iqtisadi, humanitar, hərbi və digər sahələrdə uğurla davam etdirilir və bu da öz bəhrəsini verməkdədir. Ölkələrimiz arasında bu cür möhkəm münasibətlərin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir. İllərdir Pakistan Hökuməti rəsmi Bakının mövqeyini ardıcıl və prinsipial şəkildə müdafiə edir, beynəlxalq arenada Azərbaycanın maraqlarını dəstəkləyən ölkələr sırasında yer alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ailəsinə qoşularaq, bu qurum çərçivəsində iqtisadi əlaqələrini daha da genişləndirmək imkanı əldə etdi. Azərbaycanın D-8-ə üzvlüyü Pakistan da daxil olmaqla, digər üzv ölkələrlə ticarət, investisiya və iqtisadi əməkdaşlıq sahələrində yeni perspektivlər açıb.
Digər baxımdan, Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı hər iki dövlət üçün prioritet istiqamətlərdən biridir və bu məqsədlə müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilir. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib və yeni təşəbbüslər üzərində iş aparılır. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərir. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılır.
Xüsusilə də, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də Azərbaycan Respublikasına dövlət səfəri əlaqələrin davamlığına əsaslanır. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
«Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü zamanı cıxışında bildirib: «Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək».
Bir sözlə, Pakistanın baş nazirinin Azərbaycana dövlət səfəri iki döst, qardaş ölkələr arasındakı münasibətləri yeni səviyyəyə qaldıracaq, qarşılıqlı əlaqələrə yeni impuls verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan-Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, bu qarşılıqlı dəstək isə ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır. Ən önəmlisi isə odur ki, qardaş ölkənin baş nazirinin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət qazandırmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın da genişlənməsinə və dərinləşməsinə töhfə verəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri