Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Dinməyən acı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirilib. SİA xəbər verir ki, Qazi Universitetində keçirilən tədbir Vətən üçün canlarını fəda edən şəhidlərin və Xocalı soyqırımının qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADEV) sədri Aygün Attar, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa, Birlik Xəbər Agentliyinin rəhbəri Məhəmməd Qaçar, media və ictimaiyyət nümayəndələrinin qatıldıöı simpoziumu açıq elan edən Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı professor Musa Atar Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün türk dünyasının faciəsi olduğunu diqqətə çatdırıb. Musa Atar üstündən 33 il keçməsinə baxmayaraq, soyqırımının ağrısının hələ də təzə qaldığını bildirib. Xocalı qurbanlarının anım mərasiminə ev sahibliyi etmələrinin faciə qurbanlarının ruhuna ehtiram əlaməti olduğunu qeyd edən dekan Türkiyənin Azərbaycanın acısını paylaşdığını vurğulayıb.Professor Çətin Almasın moderatorluğu ilə eyni mövzuda müzakirələr aparılıb.Millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında Xocalıda törədilən soyqırımının siyasi tərəflərindən bəhs edib. Millət vəkili ermənilər və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilən bu faciəni insanlıq əleyhinə cinayət adlandırıb.Daha sonra çıxış edən deputat Səbinə Salmanova Xocalı soyqırımının hüquqi aspektləri barədə tədbir iştirakçılarını geniş məlumatlandırıb: “Xocalıda törədilən cinayət Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”.33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Xocalı soyqırımına hələ də tam siyasi və hüquqi qiymət verilmədiyini söyləyən millət vəkili bu faciəyə tam ədalətli qiymət verilməsinin, cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.Səbinə Salmanova, həmçinin çıxışı zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə diqqət çəkərək, Türkiyənin çətin günlərdə həmişə Azərbaycanın yanında olduğunu bildirib.O hesab edir ki, belə konfransların keçirilməsi Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.“Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışında Xocalı faciəsinin soyqırımı kimi təbliğatının əhəmiyyəti barədə məlumat verib. O, Xocalı soyqırımı barədə dünya mediasında yayımlanan yazılar və bu yazılardakı müəllif mövqeyi barədə danışıb.“Türk İrsinin İnkişafına Dəstək” İctimai Birliyinin və Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Xocalı faciəsinin ictimaiyyətdə yaratdığı ab-hava barədə danışıb. Bu kimi faciələrin toplumu bir-birinə bağladığını bildirən M. Qurbanova həmin həmrəylik sayəsində Xocalının bu gün azad olduğunu vurğulayıb.Tarixçi Kamal Çiçək çıxışında Azərbaycanın müstəqillik yolundan danışıb. O, 20 Yanvar faciəsinin, Xocalı soyqırmının və bu kimi digər qırğınların Azərbaycan millətinin formalaşmasındakı rolundan bəhs edib.
Simpozium iştirakçıların suallarının cavablandırılması və müzakirə şəraitində davam edib.Sonda iştirakçılara plaketlər təqdim olunub.