Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri, Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü iki ölkə arasındakı əlaqələrin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Görüşdə Azərbaycan və Pakistan liderləri iki qardaş ölkə arasında bir çox sahələrdə yaxın münasibətlərin mövcud olduğunu və bu əlaqələrin inkişaf edərək daha da dərinləşdiyini qeyd ediblər.
Azərbaycan Respublikasının Prerzidenti İlham Əliyev mətbuata bəyanatında Pakistanın bizim üçün ən yaxın dost və qardaşlardan biri olduğunu, xalqlarımız arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Pakistan dünyanın və xüsusən də Asiyanın böyük və qüdrətli ölkələrindən biridir. Pakistan ilə Azərbaycan arasında bilavasitə əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlarda da əməkdaşlığımız çox uğurludur. Ölkələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və başqa bir çox beynəlxalq qurumlarda təmsil olunur. Bu dövlətlər beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyən dost ölkələrdir. Bu illər ərzində dövlət başçılarımızın dəfələrlə qarşılıqlı səfərləri olub, ikitərəfli münasibətlərin inkişafına dair bir çox sənədlər imzalanıb. İqtisadi əlaqələrin genişlənməsi üçün potensial böyükdür və hökumətlərarası komissiyaların keçirdikləri mütəmadi görüşlərdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılır.
Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda Azərbaycan Respublikası ilə Pakistan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin və xalqlarının çoxistiqamətli mənafelərini ifadə etməkdədir. Hər iki dövlət arasında mövcud olan yüksək səviyyəli siyasi münasibətlər xalqlar arasındakı inteqrasiyanın da güclənməsi zərurətini ortaya qoymaqdadır. Həmçinin, hər iki dövlətin elm və təhsil sahəsindəki əməkdaşlıq imkanlarının reallaşması da inteqrasiya prosesinə təkan verən amillər sırasındadır.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri