Azərbaycanın xarici siyasət uğurlarının davamlılığı hazırda ayrı-ayrı dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Tarixi zəfərlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan xarici siyasətinin dəyişməz prinsipləri fonunda yeni körpülər qurmaqla yanaşı, ənənəvi tərəfdaşları ilə əlaqələrini uğurla davam etdirir.
Dövlət başçısı İlham Əliyevin yeni dövrün hədəflərini açıqlayarkən səsləndirdiyi “Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb” çağırışı özündə əsas məqamları ehtiva edir. Azərbaycan qarşılıqlı etimada əsaslanan münasibətlərin tərəfdarıdır və bunu atdığı addımlarda nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsi əbəs yerə həqiqət anı kimi dəyərləndirilməyib. Bu müharibə sözün həqiqi mənasında kimin haqqın, ədalətin, kimin isə şərin, təcavüzkarın yanında olduğunu göstərdi.
Müharibənin başlandığı ilk andan Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə və Pakistan qədim tarixə söykənən əlaqələrimizin təməlində dostluq və qardaşlıq prinsiplərinin dayandığını bir daha nümayiş etdirdilər. Tarixi zəfərlərdən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi bunun bariz nümunəsidir. Hər üç ölkə dünyaya qardaşlığın nümunəsini göstərir. Qarşılıqlı səfərlərin dinamikliyi isə münasibətlərimizin aydın mənzərəsini yaradır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfərinə gəlməsi də inkişafın yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Hər bir səfər keçilən yolun təhlilini bir zərurətə çevirməklə yanaşı, münasibətlərdə yeni səhifənin başlanğıcı kimi dəyərləndirilir.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin mətbuata verdiyi bəyanat isə xüsusi önəm daşıyır. Dövlətimizin başçısı vurğulayıb ki, “İki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Həmçinin bu gün əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür. Müzakirələrimizin nəzərəçarpan hissəsini ticari və iqtisadi sektorlara həsr etdik və birlikdə məyusluğumuzu ifadə etdik ki, ticarət dövriyyəmiz cəmi bir neçə on milyonla ölçülür. Bir sözlə, biz ticarət dövriyyəmizi artırmalıyıq və düşünürəm ki, bunu necə etməyi bilirik. Xüsusən də nəzərə alaq ki, ötən yay Pakistana dövlət səfərim zamanı bəyan etdiyim kimi, Azərbaycanın Pakistan iqtisadiyyatına iki milyard ABŞ dolları sərmayə yatırmaq planları var...”.
Azərbaycan və Pakistan arasında mövcud olan sıx əlaqələr, qarşılıqlı anlaşma və strateji əməkdaşlıq, regionda və beynəlxalq arenada mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkənin bir-birinə olan etimadı və birgə fəaliyyətləri, təkcə ikitərəfli münasibətləri gücləndirməkdə deyil, eyni zamanda, regionda sülhün və sabitliyin təmin edilməsinə də xidmət edir. Azərbaycanın inkişafı və sosial-iqtisadi irəliləyişi istiqamətində Pakistanla əlaqələrin daha da dərinləşdirilməsi, gələcəkdə hər iki tərəf üçün yeni imkanlar açacaq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə şərait yaradacaqdır. Bu əməkdaşlıq, eyni zamanda, mədəni, iqtisadi və diplomatik sahələrdə irəliləyişlərə yol açaraq, hər iki xalqın maraqlarına xidmət edən yeni perspektivlər ortaya qoyacaq.
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri